PKK bazaları Qarabağa köçüb

Terrorçu Kürd Fəhlə Partiyası (PKK) bazalarını yerləşdirmək üçün yeni baza kimi Dağlıq Qarabağı seçib. Bu iddia ilə Türkiyənin Əsassız Soyqırım İddialarıyla Mübarizə Dərnəyinin sədri, Atatürk Universitetinin doktoru Savaş Əyilməz çıxış edib. “Samanyoluhaber.com“ saytının məlumatına görə, PKK-nın Şimali İraqda yerli kürd qruplar tərəfindən sıxışdırıldığını deyən S.Əyilməz indi bu terrorçu təşkilat üçün daha asan silah və sursat əldə etmək imkanının olduğunu söyləyib. Dağlıq Qarabağ ərazilərinin Türkiyə ilə sərhəddə olmadığını, onun beynəlxalq statusunun tam müəyyənləşmədiyini qeyd edən doktor bildirib ki, Rusiyanın Gürcüstandan çıxardığı hərbi qüvvələr və silahlar da Dağlıq Qarabağda və Ermənistanda yerləşdirildiyi üçün PKK üçün daha asan silah və sursat əldə etmək imkanı var:
“Eyni zamanda Ermənistan bu halda PKK-ya daha rahat şəkildə yardım edə bilər“. S.Əyilməz Ermənistanın Türkiyə ilə əlaqələrini bərpa etməsi üçün “soyqırım“ iddialarından vaz keçməli olduğunu, həmçinin Dağlıq Qarabağ probleminin həlliylə bağlı Azərbaycanla anlaşmasının vacibliyini də vurğulayıb. O, Azərbaycanı PKK-ya qarşı mübarizəni gücləndirməyə də çağırıb.