Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevana qısa işgüzar səfəri zamanı RF Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi ilə bağlı şəxsi məktubunu Ermənistan Prezidenti Serj Sarkisyana çatdırıb. Trend-in məlumatına görə, bu barədə RF XİN-in rəsmi saytı xəbər verib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da iştirak etdiyi söhbətdə qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilən görüşünün yekunları razılaşmanın əldə olunmasına daha da yaxınlaşmağa imkan verdi.
Həmçinin vurğulanıb ki, ABŞ, Rusiya və Fransa prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri kimi tərəflərin məsuliyyətli qərarı tezliklə qəbul etməsinə tərəfdar olduqlarını qətiyyətlə ifadə ediblər.
Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər. Trend.az