Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi davam edir – ABŞ səfiri

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi davam edir. Trend-in məlumatına görə, bu barədə ABŞ səfəri Metyu Brayza ABŞ-ın Müstəqillik Günü münasibətilə bayram tədbirində deyib.
“Son bir neçə gün ərzində mən ABŞ dövlət katibi Hillari Klinton və Azərbaycanın rəsmi şəxsləri ilə əlaqə yaradaraq Kazan görüşünün ardınca nə olacağını müzakirə etmişəm. Proses davam edir “, – çərşənbə axşamı jurnalistlərə səfir Brayza bildirib.
Onun sözlərinə görə, o hesab etmir ki, Kazan görüşü nəticəsiz olub, belə ki, orada irəliyə doğru bir neçə addım atılıb. Bunu münaqişə tərəfləri, eləcə də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu qeyd edib.
Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər… Trend.