Dağlıq Qarabağın statusunun müəyyən edilməsi yenilənmiş Madrid sənədinin əsas baza prinsiplərindən biridir, lakin müvəqqəti status məsələsinin həll edilməsi üçün Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər ki, bu da regiondakı ümumi ab-havaya müsbət təsir edəcək. Bu barədə cümə gün Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.
“Bu həm də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi işinə keçməyə imkan verəcək “, – Abdullayev deyib.
Qondarma “Dağlıq Qarabağ respublikası “nın elan edilməsinin 20 illiyinə həsr edilmiş tədbirdə Ermənistan Prezidenti Serj Sarkisyan bəyan edib ki, Dağlıq Qarabağ gələcəkdə bu gün malik olduğundan daha aşağı statusa malik ola bilməz.
“Konkret hərəkətlərə keçməyin, populizmlə məşğul olmaqdan əl çəkməyin və sülh sazişi üzərində işləməyə başlamağın vaxtı çatdığını təkrar etməyə dəyər. Təəssüf ki, erməni tərəfi konstruktivlik göstərmir “, – Azərbaycan XİN-in nümayəndəsi deyib… Trend.