Ermənistan danışıqlardakı tərəfdaşlara qarşı informasiya təzyiqinə davam edir – Aleksey Vlasov

Ermənistan Prezidentinin MDB ölkələrinin Düşənbədə keçirilmiş sammitindəki ifadələri göstərir ki, Ermənistan istənilən meydandan istifadə edərək danışıqlardakı tərəfdaşlara qarşı informasiya təzyiqinə davam edir. Bu barədə Trend-ə “Vestnik-Kavkaza ” analitik-informasiya agentliyinin baş redaktoru və Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbə sammitində iştirak etməməsini fürsət bilən Ermənistan Prezidenti bəlkə də daha sərt formullardan istifadə etməyi mümkün hesab etdi. Adətən, o bunu təkbətək görüşlərdə və ya Prezident İlham Əliyevlə üçtərəfli formatda keçirilən görüşlərdə edir “, – Vlasov deyib.
Ekspertin sözlərinə görə, bu bəyanat Dağlıq Qarabağ münaqişəsinin ən azı Mayndorf sazişindən sonra müəyyənləşdirilmiş formada həllinin hazırkı perspektivlərinə şübhə doğurur.
O deyib ki, bütün bunlar münaqişənin həllinə dair mövzu ətrafında çox əsəbi bir vəziyyət yaradır və sülh prosesinə heç bir müsbət hal gətirmir. “Hazırda gərək hamı formulları çox ehtiyatla seçsin, bu, həm siyasətçilərə, həm ekspertlərə, həm də KİV-ə aiddir. Vəziyyətin balanslaşması öz sərhədinə çatıb və əsası odur ki, hazırda bu sərhədi keçmək mümkün deyil “, – Vlasov bildirib… Trend.