Rusiyanın xarici işlər nazirinin müavini və stats-katibi Qriqori Karasin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu onun xahişi ilə 14 sentyabrda qəbul edib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN məlumat verib.
Görüş zamanı Cənubi Qafqaz problematikası, o cümlədən Aİ-nin Cenevrə danışıqlarındakı həmsədrliyi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Məlumatda deyilir ki, görüşdə Dağlıq Qarabağ nizamlanması mövzusuna da toxunulub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. Trend.