Azərbaycan ombudsmanı Ermənistanın təcavüzkar siyasəti ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Azərbaycan Sülh və İnkişaf Alyansı ilə birgə 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Trend-in məlumatına görə, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda deyilir.
Müraciətdə qeyd edilir ki, ikili standartlar nəticəsində müsəlman dövlətləri münaqişə ocaqlarına çevrilir, əhalisi ağır itkilərə məruz qalır.
“Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü nəticəsində Azərbaycan torpaqlarının beşdə bir hissəsi zəbt olunub, 1 milyonadək insan öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib, on minlərlə soydaşımız ermənilər tərəfindən törədilən soyqırım aktlarının, kütləvi qırğınların və etnik təmizləmənin qurbanı olub, minlərlə yaşayış məntəqəsi, təhsil, səhiyyə və digər ictimai obyektlər, habelə tarixi-mədəni abidələr məhv edilib. Eyni zamanda, minlərlə soydaşımız itkin düşüb, əsir və girov götürülüb, atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, bu silahlı münaqişədən əziyyət çəkir “, – müraciətdə qeyd olunub… Trend.