Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində öz rolunu artırmaq istəyir

Avropa İttifaqı regional, o cümlədən Dağlıq Qarabağ və ya Dnestryanı münaqişələrinin həllində öz rolunu tədricən artıracaq. Bunu Aİ-nin genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Ştefan Füle bildirib. Trend-in məlumatına görə, bu barədə “İnterfaks ” xəbər yayıb.
“Biz bu regionlarda etimadın bərpası proqramına başlayırıq və həmin problemlərin həllində öz üzərimizə ciddi rol götürəcəyik. Lakin, əlbəttə bir gün ərzində biz bu problemlərin həlli çərçivəsini tamamilə dəyişməyəcəyik “, – Füle Yaltada keçirilən “Ukrayna və dünya: ümumi çağırışlar, ümumi gələcək ” illik görüşündə deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.