Ariel Koen: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmalıdır”

Vaşinqtonun aparıcı araşdırma mərkəzlərindən biri olan Ceymstaun Fondu (Jamestown Foundation) BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamənin qəbul edilməsinin 20-ci ildönümü ilə əlaqədar “Birləşmiş Millətlər Təşkilatı və Ermənistan-Azərbaycan münaqişəsi: Əsaslara baxış” adlı tədbir təşkil edib…

Vaşinqtonun aparıcı araşdırma mərkəzlərindən biri olan Ceymstaun Fondu (Jamestown Foundation) BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamənin qəbul edilməsinin 20-ci ildönümü ilə əlaqədar “Birləşmiş Millətlər Təşkilatı və Ermənistan-Azərbaycan münaqişəsi: Əsaslara baxış” adlı tədbir təşkil edib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starın moderatorluq etdiyi tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev, Heritage Fondunun baş elmi işçisi Ariel Koen məruzə ilə çıxış ediblər.

“BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin hüquqi əhəmiyyəti” mövzusunda çıxış etmiş Tofiq Musayev beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması baxımından beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyindən bəhs edib. T. Musayev BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin icra edilmədən qalmasının hazırkı mərhələdə münaqişənin həllində irəliləyişə mane olan əsas amil kimi dəyərləndirib və Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyin heç bir beynəlxalq hüquqi əsasa malik olmadığını əlavə edib.

Heritage Fondunun baş elmi işçisi Ariel Koen öz çıxışında münaqişənin həllini beynəlxalq güclərin mövqeyi, eləcə də regional reallıqlar kontekstində təhlil edərək, Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın bu istiqamətdə səylərinin artırmasına ehtiyac olduğunu qeyd edib.

Öz növbəsində, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starr Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olması naminə yeni yanaşmaların zəruri olduğunu vurğulayıb və bölgənin gələcəyinin hər üç region ölkənin qarşılıqlı əməkdaşlığından asılı olduğunu bildirib.

/Apa/