“Hazırda Azərbaycanın yalnız Əfqanıstanda sülhməramlı qüvvələri fəaliyyət göstərir…
“Hazırda Azərbaycanın yalnız Əfqanıstanda sülhməramlı qüvvələri fəaliyyət göstərir. Digər ölkələrə sülhməramlı qüvvə göndərilməsi isə Milli Məclisin qərarına əsasən müəyyən olunur”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
1997-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı Ordusu yaranıb, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşib.
1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.
Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir. Bu hərbçilər post-patrul xidmətini yerinə yetirirlər. İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi, 2008-ci ildə daha 23 nəfər, sonralar daha 45 azərbaycanlı əsgərı Əfqanıstana göndərilib.
2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra prezident İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət edib. Milli Məclisin qərarı ilə sülhməramlılarımız geri qayıdıb. Kosovoda fəaliyyət göstərən Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət olub, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi.
İraqda isə Azərbaycan hərbiçiləri BMT-nin Təhlükəsizlik Şurasının 2003-cü ildə qəbul etdiyi qərar əsasında xidmət ediblər. Azərbaycan hərbçiləri 14 zabit, 16 çavuş və 120-si əsgərdən ibarət idi. Hərbçilər İraqın Əl-Xədifə şəhərində yerləşən Su-Elektrik Stansiyasını mühafizə edirdilər.
Milli Məclisin 2008-ci il noyabrın 11-də qəbul etdiyi qərarla 150 nəfərdən ibarət azərbaycanlı sülhməramlı hərbçi öz vəzifələrini icra edərək, həm də bir şəhid verərək vətənə dönüblər.
/Modern/