Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunan seminar keçirilib

Aprelin 21-də keçirilən növbəti seminar «1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımları»na həsr olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları Natiq Məmmədzadə, Vaqif Abışov, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı, tarixçi, tədqiqatçı Elmar Həsənli məruzələrlə çıxış ediblər.

Seminarda 1918-ci ilin yazında Bakı quberniyasında, Quba qəzasında baş vermiş soyqırımı və yerli qüvvələrin müqaviməti, Gəncə quberniyası, Lənkəran qəzası, eləcə də Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin soyqırımlarının tanıdılması ilə bağlı gördüyü işlər və Fövqəladə Təhqiqat Komissiyasının həyata keçirdiyi tədbirlərdən danışılıb.

AZƏRTAC