Azərbaycan öz torpaqlarını heç kəsə verməyəcək!!!

Terrorizmə son qoymaq üçün separatizm mənbələrini ləğv etmək lazımdır

Ukraynada nəşr olunan “Kiyev teleqrafı” həftəliyinin 9-15 iyul nömrəsində hüquq elmləri namizədi Arif Quliyevin və daxili işlər orqanları veteranı Əliş Osmanovun “Azərbaycan öz torpaqlarını heç kəsə verməyəcək” sərlövhəli məqaləsi dərc olunmuşdur. AzərTAc həmin məqaləni təqdim edir.
Terror sözünün latın dilindən tərcüməsi qorxu, vahimə deməkdir. Beynəlxalq sənədlərdə bu anlayışın vahid tərifi yoxdur, lakin tədqiqatçıların demək olar ki, hamısının fikrincə, terrorizm müəyyən siyasi və digər ictimai məqsədlərə zorakı metodlar – insanların qətlə yetirilməsi, girov götürülməsi, oğurlanması, təxribat aktları və digər üsullarla nail olmaq cəhdidir. Ermənilərin dövlət səviyyəsində Azərbaycan ərazisində törətdiyi terrorizmin qanlı izlərinin yaranması həm SSRİ-nin mövcud olduğu son illərdə, həm də müstəqil Azərbaycanın təşəkkülü dövründə Ermənistanın dövlət strukturlarının Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün məqsədyönlü fəaliyyəti ilə bilavasitə bağlıdır.
Erməni terrorizminin kökləri XIX əsrin sonlarına gedib çıxır və 1890-cı ildə “Daşnaksutyun” inqilabi partiyasının yaradılması ilə bağlıdır. Bu partiyanın təşəkkül tarixi göstərir ki, “Daşnaksutyun”un siyasi mübarizəsinin əsas metodu terror, talanlar və qətllər təşkil edilməsindən ibarət olmuşdur və indi də belədir. Erməni silahlıları özlərinin bütün terrorçu aksiyalarını “soyqırımına görə qisas” və “böyük Ermənistan” yaradılması uğrunda mübarizə barədə şüarlarla ört-basdır edirlər.
XX əsrin 70-ci illərinin ortalarında daşnaklar bir sıra müstəqil terror təşkilatları yaratmışlar. Onların arasında ən fəalı ASALA təşkilatıdır. SSRİ dövründə ASALA türk obyektlərinə qarşı onlarca terror aktı həyata keçirmişdir. Bu aktlar onların təşəbbüsçülərinin fikrincə, qondarma erməni məsələsinin, yəni 1915-ci ildə Türkiyədə uydurma “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınmasına kömək etməli idi.
Lakin SSRİ dağılandan sonra erməni terrorizmi öz fəaliyyət istiqamətini dəyişmiş, dövlət siyasətinə, Azərbaycana münasibətdə işğalçılıq siyasətinin həyata keçirilməsi vasitəsinə çevrilmişdir. Bu siyasət indi artıq “Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi uğrunda mübarizə” bəhanəsi ilə həyata keçirilir. Keçən əsrin 80-ci illərinin ortalarından bu günə qədər erməni dövlət terrorizmi öz inkişafında iki təşkilati mərhələ keçmişdir.
Birinci mərhələ SSRİ-nin mövcudluğunun son illəri ilə bağlıdır. Bu dövrdə sovet hakimiyyətinin mərkəzi orqanlarının nəzarətindən asılı olmamağa çalışan Ermənistan rəhbərliyi Yerevanda xarici diasporun radikal təşkilatlarının fəallarını, əslində isə “Daşnaksutyun” partiyası tərəfindən yaradılmış ASALA, MAQ, “Erməni İttifaqı”, “Erməni Azadlıq Cəbhəsi” və digər terrorçu təşkilatların silahlılarını toplamaq üzrə genişmiqyaslı kampaniya həyata keçirməyə başlamışdı. Regionda yaranmış nəzarətsizlik vəziyyətindən istifadə edən terrorçular İran, Livan, Fransa, ABŞ, Rusiya, Yunanıstan və digər ölkələrdən erməni diasporunun göstərdiyi yardım xətti ilə Ermənistandan Azərbaycanın ermənilər yaşayan ərazisinə göndərilməyə başlamışdır. Ermənistan hökuməti həmin təşkilatların bu respublikada fəaliyyətinə şərait yaratmış, axtarışda olan fəallara sığınacaq vermiş, onları pul, saxta sənədlər, nəqliyyat və silahla təmin etmişdir.
Beləliklə, sifətini dəfələrlə dəyişən erməni terrorizmi getdikcə daha artıq dərəcədə dövlət terrorizminə çevrilirdi.
Yerevana gəlmiş terrorçulardan ilk dəfə azərbaycanlıların Ermənistandan qovulmasında istifadə edilmişdir. Onların iştirakı ilə yaradılmış terror və ümumi psixoz şəraitində 100-dən çox azərbaycanlı qətlə yetirilmiş, 250 minə yaxın azərbaycanlı zorla öz doğma yurdundan qovulmuşdur. Sonralar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan xarici terror təşkilatlarının Ermənistanda fəaliyyəti ilə bağlı artıq açıqlanmış və dünya ictimaiyyətinə məlum olmuş faktlara görə öz təqsirini danmaq üçün bütün bunların təqsirini daşnakların timsalında müxalifətin üzərinə yıxmışdı. O, Ermənistan parlamentində məşhur çıxışında demişdir: “Daşnaksutyun” Ermənistan ərazisində qanunla qadağan edilmiş özəklər, dərnəklər və gənclər təşkilatları yaratmışdır.
Məşhur beynəlxalq terrorçu, ABŞ vətəndaşı Monte Melkonyan Fransada həbsxanadan buraxılandan sonra 1990-cı ildə Ermənistanda peyda olmuş və dərhal oradan Dağlıq Qarabağa göndərilmişdir. O, Qarabağda öz təcrübəsindən gen-bol istifadə etmiş, yuxarıda sadalanan aksiyaları həyata keçirən terror qruplarının fəaliyyətini istiqamətləndirmişdir.
Sonralar, 1993-cü ilin yayında Monte Melkonyan Azərbaycan ordusunun hissələri ilə döyüş zamanı öldürülmüşdür. Yerevanda onun dəfnində “demokratik” Ermənistanın demək olar ki, bütün rəsmi şəxsləri, o cümlədən ölkə prezidenti də iştirak etmişdir. Melkonyan Ermənistanın milli qəhrəmanı elan edilmiş, bu ölkənin müdafiə nazirliyinin təxribat mərkəzlərindən birinə onun adı verilmişdir.
O vaxta qədər pərakəndə təşkil edilən terror aktları az sonra Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq uğrunda ölkəmizə qarşı elan edilməmiş müharibəyə çevrildi. Bu müharibə yenə həmin terror təşkilatları tərəfindən aparılırdı və artıq onlar iri təxribat-terror dəstələrinə çevrilmişdi, sərəncamlarında ən müasir silahlar vardı. Azərbaycana qarşı dövlət terrorizmi siyasəti getdikcə təhlükəli miqyas almaqda idi.
Müxtəlif KİV-lərdə yayılmış materiallara əsasən 1989-1994-cü illərdə erməni terrorçuları Dağlıq Qarabağda nəqliyyatda 29 iri terror aktı təşkil etmiş, iki mülki vertolyotu və 2 təyyarəni vurmuşlar.
Məsələn, 1989-cu il sentyabrın 16-da erməni terrorçular Tbilisi-Bakı marşrutu ilə hərəkət edən avtobusu partlatmış, nəticədə 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 1989-cu il oktyabrın 7-də terrorçu Abramyan Xankəndi yaxınlığındakı körpünü partlatmışdır. 1990-cı il fevralın 16-da Avanesyanın qrupu Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobusu partlatmış, nəticədə 2 nəfər ölmüş, 13 dinc sakin yaralanmışdır. 1990-cı il iyunun 10-da Arkadi Asriyanın quldur dəstəsi Azərbaycan Respublikasının Kəlbəcər rayonunda avtomobil dəstəsinə hücum etmişdir. 1990-cı il avqustun 10-da erməni terrorçularının başqa bir qrupu Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusunu partlatmış, nəticədə 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. 1991-ci ilin iyul ayında həmin qrup Tbilisi-Bakı reys avtobusunda daha bir terror aktı törətməyə cəhd etmiş, lakin bu cəhd baş tutmamış, qrupun üzvləri həbs olunaraq Gürcüstanda mühakimə edilmişlər.
Rəsmi Yerevan müxtəlif terrorçu qrupları müasir silahlarla, o cümlədən zenit-raket silahları ilə təchiz edir. 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında törədilmiş terror aktına görə məsuliyyət bilavasitə rəsmi Yerevanın üzərinə düşür. Həmin gün ermənilərin istilik raketi ilə vurduğu Mi-8 vertolyotunda Azərbaycan Respublikasının dövlət katibi T.K.İsmayılov, Baş nazirin müavini, E.S.Hacıyev, Azərbaycan Respublikasının dövlət müşaviri M.N.Əsədov, Baş prokuror İ.İ.Qayıbov, SSRİ xalq deputatları V.D.Cəfərov, V.Q.Məmmədov, Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri O.M.Mirzəyev, meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini Q.Q.Namazəliyev, DQMV prokuroru İ.A.Plavski, generallar N.V.Jinkin, V.V.Kovalyov, Milli Təhlükəsizlik Nazirliyinin DQMV üzrə şöbə rəisi S.S.İvanov, Qazaxıstan daxili işlər nazirinin müavini S.D.Serikov, Rusiya müşahidəçilər qrupunun nümayəndəsi M.D.Lukaşov, Müdafiə Nazirliyinin nümayəndəsi V.N.Koçarov, Azərbaycan Respublikasının dövlət katibinin köməkçisi R.M.Məmmədov, Azərbaycan Televiziyasının əməkdaşları – müxbir A.M.Mustafayev, operator F.İ.Şahbazov, işıqçı A.İ.Hüseynzadə, vertolyotun heyət üzvləri mayor V.V.Kotov, kapitan Q.V.Dolqov, leytenant D.B.Yakovlev vardı. Onlar hamısı həmin regiona sülhyaratma missiyası ilə gedirdilər. Bu cür cinayətlər çox olmuşdur…
1992-ci ilin fevralında əhalisinin sayı 7 min nəfər olan Xocalı şəhərində törədilmiş soyqırımı erməni terrorçu vakxanaliyasının qanlı zirvəsi oldu. Erməni silahlı dəstələri tərəfindən “xarici mütəxəssislərin” və Rusiyanın nizami xüsusi bölmələrinin iştirakı ilə həyata keçirilmiş irimiqyaslı aksiyanın gedişində Xocalı işğal edildikdən sonra min nəfərə yaxın dinc Azərbaycan vətəndaşı vəhşicəsinə işgəncələrə məruz qalmış, onlar güllələnərək qətlə yetirilmişlər. Hazırda ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən bu şəhər xarabalığa çevrilmişdir. Bu aksiyanı həyata keçirməkdən məqsəd Qarabağın azərbaycanlı əhalisini vahiməyə salmaq və onların Azərbaycanın həmin bölgəsində dinc yaşamaq ümidini sarsıtmaq idi.
Qarabağ azərbaycanlılarının əsas mərkəzi olan Şuşa şəhərinin işğalı zamanı da bu praktika davam etdirilmişdir. İndi Şuşanın tarixən Azərbaycana mənsub olmasına dəlalət edən bütün mədəni abidələr məhv edilmişdir.
Erməni terrorçular Azərbaycanın özünün ərazisində törətdikləri əməllərlə kifayətlənməyib öz fəaliyyətini Azərbaycanla həmhüdud olan başqa regionların, xüsusən Rusiya Federasiyasının ərazisinə də yaymışdılar. Məsələn, 1991-ci ildə onlar Rostov-Donda Zaqafqaziya Daxili Qoşunlar İdarəsinin rəis müavini polkovnik Vladimir Blaxotini qətlə yetirmişlər. Blaxotinin qətlində ASALA təşkilatının əli olmasına bu fakt dəlalət edirdi ki, qətli törətmiş Baqmaryan, Antonyan və Akopyanın üzərində olan sənədlər məhz həmin təşkilat üçün səciyyəvi idi. Bunlar Qarabağda və xarici ölkələrdəki erməni icmalarında bölmələri olan “Amaras” adlı dini xeyriyyə təşkilatının üzvlük vəsiqələri idi.
Adları çəkilən terror aktları nəticəsində həlak olmuş və şikəst edilmiş insanların əksəriyyəti azərbaycanlı mülki şəxslər olmuşdur.
Erməni terrorçularının beynəlxalq birliyi qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsinin ikinci mərhələsi Ermənistanın dövlət müstəqilliyi əldə etməsi və sonradan onun müstəqil dövlət kimi təşəkkülü ilə bağlıdır. Ermənistan xüsusi xidmətləri yenidən təşkil edildikdən sonra erməni terror təşkilatlarının fəaliyyətinin “kortəbii” dövrü başa çatmışdır. Ermənistan dövlətinin mənafeyi üçün erməni ənənəvi terror təşkilatlarından istifadə edilməsi Ermənistanın xüsusi xidmət orqanlarının fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.
Məsələn, erməni xüsusi xidmətləri Pyatiqorsk şəhərində “Kazis” assosiasiyası adı ilə Azərbaycana qarşı pozucu təxribat işi ilə məşğul olan mərkəz yaratmışlar. Bu mərkəzin fəaliyyətinə Ermənistan ordusunun təcrübəli zabitləri rəhbərlik edir, onlar terror aktlarının hazırlanması və həyata keçirilməsi ilə məşğul olurdular. Pyatiqorskdakı mərkəzin fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, bu mərkəz öz fəaliyyətində fərdi terrora – insanların qətlə yetirilməsinə üstünlük verirdi. Azərbaycan KİV-lərində dərc edilmiş ifşa xarakterli materiallara əsasən bu nəticəyə gəlmək olar ki, Şimali Qafqazda işləyən bir neçə azərbaycanlı iş adamının qətlə yetirilməsində həmin mərkəzin əli olmuşdur. Şimali Qafqazdan Azərbaycana gələn dəmir yollarında silsilə partlayışlar törədilməsində də bu mərkəzin birbaşa iştirakı olmuşdur. Hazırda həmin mərkəzdən olan terrorçular Ermənistanda gizlənirlər.
Ermənistanın güc strukturlarının Azərbaycanda terror fəaliyyətində əli olmasına dəlalət edən faktlar çoxdur: Xatkovskinin işi, 1994-cü ilin martında separatçı “Sadval” hərəkatının fəalları tərəfindən Bakı metrosunda törədilmiş partlayış üzrə təhqiqatlar bu cür faktlara aiddir. Həmin partlayış nəticəsində 14 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır. İstintaqın gedişində sübuta yetirilmişdir ki, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, eləcə də xarici ölkələrdən gəlmiş terrorçu ermənilər Ermənistanda təlim keçmiş və partlayış işini orada öyrənmişlər.
1993-cü ilin avqustunda Bakı dəmir yolu vağzalında RF vətəndaşı İqor Anatolyeviç Xatkovski növbəti terror aktı törətməyə cəhd edərkən Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən (bu məqalənin müəlliflərindən biri də daxil olmaqla) saxlanılmışdır. Xatkovski etiraf etmişdir ki, Ermənistan xüsusi xidmətlərinin əməkdaşları onu Azərbaycan ərazisində təxribat və terror aktları törətmək məqsədi ilə cəlb etmişlər. Müəyyən edilmişdir ki, Xatkovskinin Azərbaycana göndərilməsində Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri podpolkovnik D.Ohanesyan və mayor A.A.Qaloyan, eləcə də Ermənistan Respublikası xüsusi xidmət orqanlarına aidiyyəti olan Moskva sakinləri B.V.Simonyan və V.S.Petrosyan fəal iştirak etmişlər. İstintaq Xatkovskinin 1993-cü il iyun ayında Bakı dəmir yolu vağzalında partlayış törətməsi, 1993-cü ilin may ayında Dərbənd şəhər stansiyasında yük vaqonunu minalaması faktlarını sənədlərlə sübuta yetirmişdir.
Bu aksiyaların təşkilatçıları Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həbs edilmişlər. Onların üzərində partladıcı maddələr aşkar edilmişdir. İstintaqın gedişində onlar törətdiyi əməlləri etiraf etmişlər. Lakin sonradan terror aktlarının təşkilatçıları barəsində məhkəmə araşdırması şəxsən Ermənistan prezidenti Ter-Petrosyanın xahişi ilə Moskvadan Tambov şəhərinə keçirilmişdir. Məhkəmədən az sonra terrorçu qrupun başçısı, Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsinin təxribat əməliyyatları şöbəsinin rəisi Caan Ohanesyan və onun müavini mayor Aşot Qaloyan, eləcə də cinayətlərin digər təşkilatçıları azadlığa buraxılmış və Ermənistan ərazisində özlərinə sığınacaq tapmışlar. Azərbaycan Prokurorluğunun dəfələrlə müraciət etməsinə baxmayaraq, cinayətkarlar nəinki Azərbaycana verilməmiş, hətta əksinə, Ermənistanda onların rütbələrini artırmışlar.
Ermənistanın indiki rəhbərliyinin dövlət terrorizmi siyasətinə və onun beynəlxalq terrorizmlə əlaqəsi olmasına dəlalət edən başqa faktlar da vardır.
Bütün bu əməllər nəticəsində 1 milyona yaxın azərbaycanlı Qarabağda öz əzəli torpaqlarından qovulmuşdur. İyirmi ildən çoxdur ki, bu insanlar müvəqqəti düşərgələrdə yaşayırlar.
Gördüyünüz kimi, erməni terrorizmi bütün Qafqaz regionunda sabitliyi pozan amildir və onun hədəfi təkcə Azərbaycanın mənafeləri deyildir. Erməni terrorizmindən Türkiyənin, ABŞ-ın, Gürcüstanın və başqa ölkələrin mənafelərinə qarşı da istifadə edilir. Gürcüstan KİV-lərində yayılmış məlumata görə, Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadzeyə sui-qəsddə də bu ölkənin vətəndaşları olan erməni terrorçuların əli olmuşdur. Məsələn, Rusiyanın Gürcüstandakı hərbi bazasında yerləşən aviasiya hissəsinin rəisi podpolkovnik Mixail Markanyan ermənilərin “Cavaxk” separatçı hərəkatının nümayəndələri ilə sıx əməkdaşlıq edirdi (bu təşkilat Gürcüstanın cənub regionlarının Ermənistana birləşdirilməsi uğrunda çıxış edir).
Beləliklə, deyə bilərik ki, Dağlıq Qarabağda separatizm terrorizm kimi mənfi hadisənin ilk tonqalı olmuşdur. Xatırladaq ki, terror alovu Abxaziyada, Dnestryanı bölgədə, Çeçenistanda, Kosovoda, Makedoniyada və daha neçə bölgədə vahimə yaratmışdır. Hətta siyasi və iqtisadi cəhətdən qüdrətli bir ölkə olan ABŞ da terrorizm qarşısında aciz qalmışdır. Buna görə də terrorizmə son qoymaq üçün ilk növbədə separatizm tonqalları söndürülməlidir. Separatizm və onunla əlaqədar terrorizm beynəlxalq həyatın təzahürləri kimi bəşər tarixindən silinməlidir. Öz daxilində Dağlıq Qarabağ kimi separatçı tonqal olan Azərbaycan terrorizmin nə demək olduğunu yaxşı hiss etmişdir. Buna görə də 11 sentyabr hadisələrindən sonra Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı mübarizəni birinci dəstəkləyənlərdən biri olmuşdur və bu gün də həmin mübarizədə fəal iştirak edir. Bizə belə gəlir ki, bu məqalədə göstərilən faktlar erməni terrorizmini Ermənistanın dövlət siyasətinin tərkib hissəsi hesab etmək üçün kifayət qədər əsas verir.
Lakin rəsmi Yerevan bu münaqişənin başlanmasından keçən bütün müddət ərzində göstərdiyi səylərə baxmayaraq, Azərbaycan Respublikası ərazisinin bir hissəsinə iddia etməsinin əsaslı olmasına beynəlxalq birliyi inandıra bilməmişdir. Erməni tərəfinin bu istiqamətdə qazandığı ən böyük uğur, yalnız ayrı-ayrı qeyri-hökumət təşkilatlarının son dərəcə şübhəli fikirləri və onun rəhbərlik etdiyi, cinayətkar siyasi sifarişləri həyata keçirmək üçün öz büdcələrinə maliyyə daxil olmaları naminə səylə çalışan terror mərkəzlərinin iyrənc əməlləridir.
Azərbaycan Avropa Şurasında sənədlərə əsaslanaraq sübut etmişdir ki, Dağlıq Qarabağ ərazisinə qanunlarla nəzarət edilmir. Bu ərazi narkotik maddələrin yetişdirildiyi əsas mənbələrdən və onların yayılması yollarından birinə çevrilmişdir. Orada nüvə tullantıları da basdırılır. Dağlıq Qarabağda Azərbaycan abidələrinin, Azərbaycanla bağlı mədəni dəyərlərin, məktəblərin, məscidlərin hamısı məhv edilmişdir…
Azərbaycan dəfələrlə bəyan etmişdir ki, yer üzündə terrorun kimə qarşı yönəlməsindən asılı olmayaraq, bu hadisənin kökü kəsilməlidir. Azərbaycan terrorizmin ləğv edilməsinə öz töhfələrini verir. Bununla bərabər, bütün dünya birliyi bilməlidir ki, Azərbaycana qarşı yönəlmiş terror da dəf edilməlidir.
Azərbaycan Respublikasının mövqeyi həmişə konstruktiv və sülhsevər xarakteri ilə seçilmişdir. Ona vurulmuş ziyana baxmayaraq, Azərbaycan Respublikası erməni tərəfinə beynəlxalq hüquqa, ədalətə və humanizmə əsaslanan sülh, həmçinin Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat, o cümlədən Dağlıq Qarabağ ilə Ermənistan Respublikası arasında humanitar dəhliz şəklində təminat təklif edir. Lakin rəsmi Bakı birmənalı olaraq kommunikasiyaların qarşılıqlı normal fəaliyyəti əsasında bərpa edilməsinin və Dağlıq Qarabağın Azərbaycan dövlətinin tərkibində statusu məsələsinin müzakirə edilməsinə tərəfdardır.

Arif QULİYEV, Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutunun hüquq kafedrasının professoru, hüquq elmləri namizədi Əliş OSMANOV, Azərbaycan DİN orqanları veteranı