Azərbaycanda ötən ay 2 milyon kvadratmetrdən artıq ərazi minalardan təmizlənib

Noyabr ayı ərzində 2 576 943 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Bu dövrdə 345 PHS və 8 ədəd tank/1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir.
İndiyədək ümumilikdə 178 453 866 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 664 662-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcəbədi, Füzuli, Goranboy, Qazax, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir… Trend.