Bakıda 6 köçkün qadın özlərini yandıracaqlarını bəyan etdilər

Qaçqınları yola gətirdilər…

Qaçqınları yola gətirdilər.

Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə məskunlaşmış 6 ailənin şikayətinə yenidən baxılacaq. 

Oxu.Az xəbər verir ki, bunu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov ANS PRESS-ə açıqlamasında bildirib.

“Baxmayaraq ki, məhkəmə qərarı onların əleyhinədir, ancaq onların istəklərinə yenidən baxacağıq”, – deyə müavin bildirib. 

Xatırladaq ki, Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Ancaq müəyyən səbəblərdən tikinti dayandırılıb. 

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə açıqlamasında elektrik deposunun tikintisinin dayandırılmasına səbəbin orada məcburi köçkünlərin yaşaması olduğunu deyib. Onun sözlərinə görə, siyahıyaalma zamanı orada 83 məcburi köçkünün yaşadığı və cəmi 217 yaşayış sahəsi olduğu müəyyən olunub. 

N.Paşayev Mehdiabadda sığınacaq verilməsinə baxmayaraq, 6 ailənin köçməkdən imtina etdiyini bildirib. Onun sözlərinə görə, bu ailələr ev deyil, sığınacaq tələb etdiklərini bildiriblər.

“Məhkəmə qərarı var. Orada əks olunub ki, burada yaşayan şəxslər kompensasiya ödənilmədən evlərlə təmin olunsun”. 

Məskunlaşma miqrasiya şöbəsinin rəsi Kənan Hüseynov da açıqlamasında dövlətin ehtiyacı üçün bu ərazidən məcburi köçkünlərin köçürülməsinə ehtiyac yarandığını bildirib.

“Kompensasiya verilməsinin əleyhinə olmamışıq. Amma onlar məhkəməyə müraciət etdilər. Məhkəmədən isə kompensasiyanın verilməyəcəyi, onların müvəqqəti yaşayış məskənləri ilə təmin edilməsi barədə qərar çıxarıb”. 

Evlərini tərk etməkdən imtina edənlər isə heç bir halda Mehdiabaddakı mənzildə yaşamayacaqlarını bildiriblər. Onlardan bəziləri hətta evlərindən çıxarılacaqları halda benzin töküb özünü yandıracaqları ilə hədələyiblər. 

12:35

Bu gün 7-ci mikrorayon ərazisində 6 məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı insident yaşanıb.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, həmin ailələrlə “Bakı Metropoliteni” və “Dövlətqaçqınkom”un nümayəndələri arasında qarşıdurma yaranıb. Evlərinin sökülməsinə razılıq verməyən qadınlar özlərini yandıracaqlarını bildiriblər.

“Özümü öldürəcəm, qanımı tökəcəm, amma buradan çıxmayacağam” deyən köçkünlər digər ailələr kimi onlara da kompensasiya olaraq hər kvadratmetr yaşayış sahəsi üçün 1500 manat tələb ediblər. 

Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var.

Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər biri mənzillə təmin olunsa da, 6 ailə köçməkdən imtina edir.

6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər “Bakı Metropoliteni” QSC-dən əlavə olaraq kompensasiya tələb edir. Metropoliten isə evlərin sökülməsi və tikinti materiallarının daşınması üçün lazımi köməyi təklif edir.

Xatırladaq ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət ediblər, lakin onların iddiaları təmin edilməyib.

/oxu.az/