Ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək…
Ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək.
Bu gün “Bakı Elm Festivalı-2014” öz işinə başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan Elm Festivalı iki gün davam edəcək.
Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri nümayiş etdirmək, gənc nəslin bu sahəyə marağını artırmaqdır.
Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.