Bayram Səfərov: “Qarabağdakı ermənilər ilk fürsət düşən kimi oradan qaçırlar”

“Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib”…

“Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov verib. O deyib ki, icma BMT-nin məlum qətnaməsinin yerinə yetirilməməsinə öz etirazını bildirir. Bununla bağlı təmsil etdiyi qurumun bəyanatı da olacaq.

B. Səfərov “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq arenada fəaliyyətinin aktiv olduğunu da söyləyib: “Dünyanın bir çox ölkələrində davamlı tədbirlər keçirilir. Gənclərin iştirakı ilə həyata keçirilən tədbirlərin sayı artırılıb”.

Ermənilərin Azərbaycan ictimaiyyətini və dünyanı aldatmağa yönələn dezinformasiya xarakterli xəbərlər yaydığını da qeyd edib B. Səfərov bildirib ki, nə Kəlbəcərdə, nə Şuşada, nə də Qarabağın digər bölgələrində yaşayış yoxdur: “Ermənilərin sayı o qədər deyil ki, həmin ərazilərdə əhalinin sayını artırsın. İnanın ki, ermənilər İrəvan əhalisini normal dolandıra bilmir, sosial problemlərini həll edə bilmir. Bütün bunlar ermənilərin yalan informasiyası və dələduzluğudur. Qarabağdan olan ermənilər öz yerlərində yaşaya bilmirlər, ilk imkan düşən kimi oradan qaçırlar. Yəni Kəlbəcərdə və ya digər bölgədə ermənilərin məktəb inşa etməsi, hələ onların sayının artmasından, inkişafından xəbər vermir”.

/APA/