Beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı öz legitimliyini ortaya qoyub Ermənistana təyziqlərini artırmalıdırlar

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi ilə bağlı kəskin sözünü deməlidir və beynəlxalq təşkilatlar artıq öz legitimliyini ortaya qoyub Ermənistana təyziqlərini artırmalıdırlar. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
“Dünən Azərbaycan xarici işlər nazirinin də bəyan etdiyi kimi, Azərbaycan sülh sazişinin üzərində işləməyə hazırdır. Bu ondan irəli gəlir ki, Azərbaycan birgə sülh şəraitində yaşamağın tərəfdarıdır “, – Aslanov əlavə edib.
PA-nın şöbə müdiri deyib ki, Dağlıq Qarabağda yaşayan hər bir insan Azərbaycan vətəndaşıdır və bu, de-yure belədir.
“Azərbaycan bütün digər millətlərin hüquqlarının tanındığı bir ölkədir. Azərbaycan artıq postmünaqişə ərazilərinin bərpasını, Dağlıq Qarabağın gələcəyini düşünür və birgə yaşam prinsipləri üzərində fikir mübadiləsi aparmağa hazırdır. Bu, bizim daha konstruktiv, daha rasional mövqedən çıxış etməyimizin bariz nümunəsidir “, – Aslanov bildirib… Trend.