BQXK Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslər barədə ətrafli məlumat toplayır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi zamanı yaranan kütləvi məzarlıqların olduğu yerlərin xəritələşdirilməsi (ingilis dilində “for the mapping”) ilə bağlı Azərbaycan və Ermənistanın hakimiyyət orqanları ilə danışıqlar aparır.

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Şerin Pollini bildirib.

Onun sözlərinə görə, danışıqlar istər kütləvi, istər fərdi qəbirlərin xəritəsinin çəkilməsi, yerinin müəyyənləşdirilməsi istiqamətində aparılır: “Bu çox vacib məsələdir. Çünki artıq o insanların dəfn olunmasından 17 ildən çox vaxt keçib. Bu kütləvi qəbirlərin harada olduğunu bilən, həmin kəndlərdə yaşayan əhali, din xadimləri var. Onlar sağ ikən həmin məlumatları əldə etmək lazımdır”.

Qeyd edək ki, gələn ildən BQXK Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin axtarışı ilə bağlı yeni layihəyə start verəcək. Layihə itkin düşmüş şəxslərin talelrəiniə aydınlıq gətirilməsində hakimiyyət orqanlarına yardım etmək üçün itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanmasını nəzərdə tutur.