Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət Strasburqda müzakirə olunacaq

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Strasburqda Avropa Parlamentinin plenar sessiyasında avropalı parlamentarilərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyət barədə məlumat verəcək. Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin məlumatında deyilir.
Avropa Parlamentinin plenar sessiyası iyulun 4-7-də keçirilir.
Sessiya zamanı “ərəb baharı “, Polşanın Aİ-yə sədrliyi, Avropa Parlamentinə seçkilər, Avropa büdcəsi və s. müzakirə olunacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.