Ermənistan AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin işini boykot edəcək

Ermənistan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasını boykot edəcək.

APA-nın “PanARMENIAN”-a istinadən verdiyi məlumata görə, bu barədə nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bildirib.
Sessiyada Ermənistanla bağlı məsələlərin müzakirə olunmayacağını söyləyən deputat, nümayəndə heyətinin sessiyada aktiv iştirak edəcəyini söyləyib: “Bilirsiniz ki, Nazirlər Komitəsinə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sədrlik edir. AŞPA sədri Mövlut Çavuşoğlu ilə birlikdə onlar Türkiyə üçün bu münbit şəraitdən öz xeyirlərinə istifadə etməyə çalışacaqlar. Çavuşoğlu isə Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətini bərpa etmək üçün əlindən gələni edəcək. Buna nail olsa, Ermənistan nümayəndə heyəti Alt Komitənin işini boykot edəcək”.
Erməni deputat həmçinin bildirib ki, sessiyada çıxış edəcək Türkiyə prezidenti Abdulla Gülə Ermənistanın milli maraqları, Dağlıq Qarabağ və Azərbaycandan olan erməni qaçqınlarla bağlı sual verməyi planlaşdırır./APA/