Ermənistanın danışıqları sonsuza qədər uzatmasına imkan verməyəcəyik

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi mövzusunda suallarını cavablandırıb.
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, İ. Əliyev Ermənistanın yenilənmiş Madrid təkliflərini qəbul edəcəyi halda iki ölkə arasında sərhədlərin açılıb-açılmayacağı haqda suala cavabında deyib ki, Azərbaycan atəşkəsin qüvvəyə mindiyi 1994-cü ildən bu yana 16 il davam edən nəticəsiz danışıqlarda sülh yolunu axtaran tərəf olub. O, yenilənmiş Madrid təkliflərini kiçik istisnalar xaricində qəbul etdiklərini, Ermənistandan da eyni addımı gözlədiklərini söyləyib.

Təklifin rəsmi olaraq irəli sürülməsindən 6 ay keçməsinə baxmayaraq, Ermənistandan müsbət cavab alınmadığını vurğulayan Azərbaycan prezidentinin fikrincə, Ermənistan bu yolla danışıqları sonsuza qədər uzatmağa çalışır. Dövlət başçısı Azərbaycanın buna imkan verməyəcəyini bəyan edib: “Danışıqların müəyyən bir çərçivəsi və vaxt məhdudiyyəti olmalıdır. Minsk Qrupu 1992-ci ildə yaradılıb. Təxminən 20 ildir danışıqlar davam edir. Tərəflər danışıqlarda həll yoluna yaxınlaşdıqda Ermənistan tərəfi hər zaman prosesi pozub. Təəssüf ki, eyni mövqe bu gün də davam edir. Ermənistan ya Minsk Qrupu həmsədrlərinin təklifinə müsbət cavab verəcək və biz münaqişənin həllinə yaxınlaşacağıq, ya da proses pozulacaq və Ermənistanla Azərbaycan arasında yeni bir mərhələ başlayacaq. Əgər Ermənistan təklifə müsbət cavab verib işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmağa başlayarsa, Azərbaycan Ermənistanla sərhədlərini açacaq və bölgədə sülh, təhlükəsizlik tədbirləri həyata keçiriləcək”.