Çexiyanın Lidiçe şəhərinin küçələrinin birinə Xocalı adı veriləcəkdir

Çexiyanın Lidiçe şəhərinin küçələrindən birinə Xocalı adı veriləcəkdir. Lidiçe şəhər rəhbərliyinin qəbul etdiyi qərarda deyilir ki, şəhərin küçələrindən birinə bu ad verildikdən sonra Xocalı ilə Lidiçe qardaşlaşmış şəhərlər olacaqlar.

Bu barədə şəhərin icra başçısı Yosef Klima Azər-Çex Cəmiyyətinə məlumat vermişdir.

Cəmiyyətin rəhbəri Elşən Nəzərov bildirmişdir ki, bu təşəbbüsü onlar 2007-ci ildə irəli sürmüşdülər.

Lidiçe qəsəbəsi 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilmiş, əhalisi terrora məruz qalmışdır. Şəhər rəhbərliyi və əhalisi Xocalı faciəsinin dəhşətlərini yaxşı başa düşürlər.

Bundan əvvəl Xocalı soyqırımı ilə əlaqədar Lidiçe Muzeyində və Xatirə Kompleksində silsilə tədbirlər və fotosərgi təşkil olunmuşdur.