Gələn həftə Kəlbəcərlə Laçının qaytarılma məsələsi müzakirə olunacaq

Almatıda ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları Azərbaycanın Kəlbəcər və Laçın rayonlarının ilkin mərhələdə işğaldan azad olunması məsələsini müzakirə edəcəklər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü jurnalistlərə bildirib.

«İki ölkənin XİN rəhbərlərinin iyulun 16-da və ya 17-də görüşü keçiriləcək, həmsədrlər [ATƏT MQ] hələlik bizə konkret müddət təqdim etməyiblər», — nazir deyib.

Onun sözlərinə görə, erməni tərəfi ilə yenilənmiş Madrid prinsipləri əsasında danışıqlar davam etdirilir.

«Bu prinsiplərdən bəzilərini biz altı il ərzində dəfələrlə müzakirə etmişik və indi yenidən onlara qayıtmağın mənası yoxdur», — nazir qeyd edib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın yanvarda Soçidə keçirilən görüşündə MQ tərəflərə danışıqların əsası olan Madrid sənədinin yenilənmiş variantını təqdim edib.

Madrid prinsiplərini qəbul edən rəsmi Bakı hələ Minsk qrupu həmsədrlərindən Yerevanın vasitəçilər tərəfindən təqdim olunan yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqeyinə dair informasiya almayıb.

Məmmədyarovun sözlərinə görə, danışıqlarda əsas diqqət «5+2» formatında beş rayonun qaytarılması ilə eyni səviyyədə Kəlbəcər və Laçın rayonlarının qaytarılması məsələsinə də ayrılacaq.

«Tarixən Kəlbəcər və Laçın heç vaxt Dağlıq Qarabağın tərkibinə daxil olmayıb. Bu gün söhbət bu iki rayonun qaytarılacağı müddət barədə gedir», — Məmmədyarov qeyd edib.

Nazirin sözlərinə görə, digər beş rayonun qaytarılması barədə məsələ artıq həll olunub və daha müzakirə olunmayacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsinə toxunan nazir qeyd edib ki, erməni tərəfi referendumun keçirilməsinə tərəfdardır, lakin bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, səsvermədə ermənilərlə birgə Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak etməlidir.

Məmmədyarovun sözlərinə görə, bu gün tərəflər arasında müzakirə olunan prinsiplərə görə, referendumun bülletenlərindəki sualları tərtib etmək üçün həm Ermənistan və Azərbaycanın, həm də ATƏT-in Mİnsk qrupu həmsədr ölkələrinin nümayəndələrindən ibarət xüsusi komitə yaradılacaq. Nazir qeyd edib ki, lakin bu yalnız məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmasından sonra mümkündür.

Trend