Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-19-da regionda səfərdə olublar…

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-19-da regionda səfərdə olublar. Trend-in məlumatına görə, bu barədə Minsk qrupunun yaydığı bəyanatda deyilir.

 

Həmsədrlər dekabrın 15-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, dekabrın 16-da isə Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyanla görüşüblər. Sonra onlar dekabrın 17-də Azərbaycanın işğal edilmiş ərazilərinə səfər ediblər.

 

Bəyanatda deyilir: “Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada keçirilmiş yüksək səviyyəli görüşün və xarici işlər nazirlərinin dekabrın 4-5-də Kiyevdə baş tutmuş məsləhətləşmələrinin yekununu müzakirə ediblər. Onlar bu danışıqların mövzusuna əsaslanaraq 2014-cü ilin yanvar ayında səyləri davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər. Həmsədrlər qeyd ediblər ki, bu yaxınlardakı zorakılıq aktları sülh perspektivlərini sarsıdır. Onlar tərəfləri gərginlik yarada biləcək hərəkətlərdən çəkinməyə və danışıqlar masası arxasında irəliləyişə kömək edəcək ab-havanı saxlamaq üçün işləməyə çağırıblar “.

 

Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni sədri ilə məsləhətləşmələr aparmaq üçün İsveçrəyə yola düşəcəklər. Bundan sonra iki xarici işlər naziri ilə görüş və növbəti sammitə hazırlıq planlaşdırılır. /Trend/