Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiqlər artırılmalıdır

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana mütləq təzyiqlər artırılmalıdır. Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Bütün diplomatik fəaliyyətin məhz nəticənin əldə olunmasına yönəldiyini deyən Həsənov bildirib ki, əgər bir nəticə olmayacaqsa, dünyanın indiki gərgin ictimai-siyasi, maliyyə vəziyyətində üç aparıcı ölkə neçə illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmazdı.
Onun sözlərinə görə, həmsədr ölkələr də nəticənin əldə olunmasında, Cənubi Qafqazda sülhün yaranmasında, dünya üçün əhəmiyyətli olan bu geostrateji məkanda xalqların dinc, mehriban qonşuluq şəraitində yaşamasında maraqlıdır.
“Bu da dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm bir amil rolunu oynayacaq. Nəticənin olması üçün isə Ermənistana mütləq təzyiqlər artırılmalıdır, bu ölkələr sözün həqiqi mənasında ciddi bir iradə nümayiş etdirməlidirlər “, – PA rəsmisi vurğulayıb.
Ermənistanın indiki siyasətinə rəhbərlik edənlərin qeyri-ciddi insanlar olduğunu vurğulayan Həsənov, Ermənistanın rəsmi şəxslərinin çıxışlarını nümunə gətirərək müstəqil dövlətin prezidentinin, nazirlərinin bu formada mülahizələr irəli sürməsindən təəssüfləndiyini deyib… Trend.