Obama həmin dövrdə 5 milyon türkün qətlə yetirildiyini nəzərə almır

Amerikadakı Türk Koalisiyasının prezidenti Linkoln Makkördinin (G. Lincoln McCurdy) APA-nın Vaşinqton müxbirinə müsahibəsi

– Prezident Obamanın 24 aprel nitqində “soyqırımı” deyil, ermənicə “Meds Yeghern” ifadəsini işlətməsi faktı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir göstərəcək?

– Osmanlı imperiyasının son, narahat dövrlərində baş verən faciəli hadisələrlə bağlı prezident Barak Obamanın açıqlamasında və digər bəyanatlarda ən çox etiraz doğuran məqam odur ki, onlar eyni dövrdə Türkiyənin şərqində, Qafqazda və Balkanlarda bundan da artıq müsəlmanın öldürülməsini nəzərə almırlar. Qeyd etdiyim bölgələrdə yürüdülən etnik təmizləmə siyasəti nəticəsində 5 milyon türkün öldürülməsi və 5,5 milyon nəfərin qaçqın düşməsini inkar edən iddialar ola bilər. Biz hamını irqindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq insan itkisinə və iztirabına hörmətlə yanaşmağa və “erməni məsələsi”nə düzgün tarixi kontekstdə yanaşmağa çağırırıq. Bu kontekstdə Amerikadakı Türk Koalisiyası türk və erməni xalqlarının barışığına yol açacaq birgə tarixi komissiyanın yaradılması ideyasını dəstəkləyir.

Biz həmçinin maraqlı tərəfləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlı qaçqının əzabına son qoyulması üçün səylərini gücləndirməyə çağırırıq.

Mövqeyimiz ondan ibarətdir ki, bu münaqişənin tez və uzunmüddətli həlli regionda sülh və sabitliyin əsası ola bilər. Regionda sülh və sabitlik isə Türkiyə-Ermənistan protokollarının elementlərindən biridir. Birləşmiş Ştatlar və bütün region ölkələrinin marağındadır ki, dondurulmuş münaqişələrə gələcək münaqişələrin qarşısını almaq və region xalqları üçün əlverişli mühit yaratmaq nöqteyi-nəzərindən yanaşılsın. Biz buna əminik.

– Bu halda ABŞ nə etməlidir, proseslərdən uzaqlaşmalı və ya iştirakını davam etdirməlidir? 

– Bu məsələ siyasi müstəvidən kənardır, amma erməni diasporu bütün dünyada onu siyasi futbola çevirib. Bu, tarixi məsələdir və tarixçilərdən ibarət komissiya tərəfindən araşdırılmalıdır. Bu məsələnin kökündə Türklər və ermənilərin yaddaşında travmaya çevrilmiş mürəkkəb və faciəvi tarix durur. Bu, psixoloji məsələdir və yalnız insanlar arasında dialoq və Türklər və ermənilər arasında barışıq səyləri vasitəsilə həll oluna bilər.

APA.