Piter Semnebi: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərtərəfli iş aparılmalıdır”

Bu gün Tiflisdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə Gürcüstan parlamentinin sədri David Bakradze arasında görüş keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstanda növbəti seçkilərə hazırlıq, həmçinin yeni seçki qanunu əsas müzakirə mövzusu olub. Bu barədə jurnalistlərə açıqlamasında məlumat verən P. Semnebi danışıqların çox səmərəli keçdiyini qeyd edib. P. Semnebi regiondakı konfliktləri də müzakirə etdiklərini vurğulayıb: “Mənim Abxaziyaya səfərim barədə də fikir mübadiləsi apardıq. Abxaziyanı danışıqlara necə cəlb etmək və əlaqələri inkişaf etdirmək barədə danışdıq. Qeyd etdim ki, səhiyyə sahəsində onlarla əlaqələr qurmaq olar. Bu sahədə Abxaziyada çatışmazlıqlar var”.
P. Semnebi Qarabağ münaqişəsinə də toxunub. APA-nın Gürcüstan bürosunun müxbirinin sualını cavablandıran xüsusi nümayəndə qeyd edib ki, bu konflikt onları çox narahat edir: “Bu konfliktin həlli ilə intensiv məşğul olmaq lazımdır. Həm bizim, həm də beynəlxalq cəmiyyətlər tərəfindən bu sahədə hərtərəfli iş aparılmalıdır”.
P. Semnebi Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətləri də yüksək dəyərləndirib: “Bu əlaqələr çox vacibdir. Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı şübhəsiz ki, bütün Qafqaz üçün çox vacibdir”.
Qeyd edək ki, P. Semnebinin Gürcüstan parlamentinin çoxluq və müxalifət fraksiyasının üzvləri ilə də görüşü planlaşdırılıb. Bundan başqa, o, parlamentdənkənar müxalifət nümayəndələri və QHT təmsilçiləri ilə də görüşəcək.
Səfər çərçivəsində Gürcüstan-Rusiya əlaqələri, Moskvanın atəşkəs müqaviləsinə necə əməl etməsi və Gürcüstanda demokratiya sahəsində aparılan islahatlar istiqamətində məsələlərin müzakirə olunacağı da gözlənilir.

APA.