«Qaçqınkom»: “Köçkünlər hələ köçürülməyəcək”

Karton qutularda məskunlaşanların əzablı həyatı hələ davam edəcək…

Karton qutularda məskunlaşanların əzablı həyatı hələ davam edəcək 
Dərnəgül qəsəbəsidəki 3 saylı Evtikmə Kombinatında yaşayan sakinlərin durumuna Qaçqın və Məcburi Köçkünlərin Problemləri iş üzrə Dövlət Komitəsindən reaksiya gəldi. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirdi ki, hal-hazırda həmin məcburi köçkünlərin evlə təmin olunması imkanlarının xaricindədir: “Köçkün ailələrinin köçürülməsi prosesi daha ağır şəraitdə yaşayanların mənzil və məişət şəraitinin yaxşılaşdırılması prinsipi nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir. Yəni, bu proses daha ağır şəraitdə yaşayan ailələrin gələcəkdə mənzillə təmin olunmasından başlayacaq. Yəni tikintisi yarımçıq qalmış binalarda, təhsil müəssisələrinin yataqxanalarında qalan məcburi köçkünlər nəzərdə tutulur. Bu obyektlərdə yaşayan ailələrin gələcəkdə mərhələli şəkildə köçürülməsinə baxılacaq. Bu gün həmin ərazinin köçüçülməsi imkan xaricindədir”.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov deyir ki, indiki dövr elə dövr deyil ki, kiminsə şikayət hüququ əlindən alınsın. Bu inandırıcı səslənmir: “Köçkünlərin məskunlaşması dövlət proqramı əsasında həyata keçirilir. Qeyri hökümət təşkilatı olaraq bizə də müraciətlər çox olur. Şikayətə uyğun olaraq göstərilən ərazilərə gedib, problemlərlə tanış oluruq. Ancaq, bu məsələ  bizim yox, «Qaçqınkom»un cavablandıracağı məsələdir. Birmənalı mövqeyimiz ondan ibarətdir ki, ilk öncə ağır şəraitdə yaşayan məcburi köçkünlər məskunlaşmalıdır. «Qaçqınkom»un hansı ərazinin nə vaxt köçürülməsi ilə bağlı qərarları var».
Məsələyə münasibət öyrənmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istədik. Məlum oldu ki, icra hakimiyyətinin daxilində olan qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olan şöbə artıq «Qaçqınkom»un tabeliyindədir.
/Bizim yol/