Qaçqın və məcburi köçkünlərin varlığı Avropanın faciəsidir

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının gündəliyində olan əsas məruzələrdən biri “Avropadakı unudulmuş insanlar: uzun müddətə yerlərini dəyişmiş şəxslərin fundamental hüquqlarının qorunması” adlı məruzə ciddi müzakirələr doğurmuşdur. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Böyük Britaniyalı deputat Con Qrenveyn müəllifi olduğu məruzənin təqdim edilməsini müsbət qarşılasa da, məsələnin mahiyyəti üzrə bir sıra mühüm iradlarını irəli sürmüş, problemin həllində sözdən konkret işə keçilməsinin zəruriyyətini vurğulamışdır.

R.Hüseynovun bu məruzə ilə bağlı fikirləri Parlament Assambelayası tərəfindən nəşr edilərək yayılmışdır. Həmin mətndə göstərilir: Qaçqınları və məcburi köçkünləri “unudulmuş insanlar”, “cəmiyyətin yaddan çıxmış təbəqəsi” adlandırmaq olarmı?

Axı az qala hər gün mətbuat onlardan yazır, Avropa Şurasının elə bir sessiyası yoxdur ki, bu qəbil insanların taleyindən söz açılmasın, vaxtaşırı onlarla bağlı sənədlər, məruzələr hazırlanmasın, qətnamələr qəbul edilməsin. Hətta Parlament Assambleyasında qaçqınlarla bağlı ayrıca komitə də fəliyyət göstərir.

Bütün bunlar varkən qaçqınlara və məcburi köçkünlərə unudulmuşlar demək olarmı? Yox, onları sadəcə unudulmuş adlandırmaq doğru deyildir. Bu, onların faciəsinin böyüklüyünü və bizim həmin faciələrin başa çatması üçün qəti addımlar atmaqdakı ləngliyimizi tutuşdurarkən zəif ifadəsidir. Həqiqəti adı ilə deyək-onlar bizim biganə olduğumuz təbəqədir.

Əgər yüz minlərlə insan illərlə qaçın və məcburi köçkün vəziyyətində yaşayırsa, bizim çalışmağımız isə yalnız elə bu haqda nəticəsiz danışıqlardan ibarətdirsə, onların dərdinə çarə olacaq konkret işləri görə bilmiriksə, özümüzü müdafiə etməyə əsasımız qalmır.

Avropa Şurasının üzvü olan 47 ölkənin 11-də qaçqınlar və məcburi köçkünlər varsa da, Azərbaycan onların ən unikalıdır. Çünki Azərbaycan Avropada və dünyada yeganə ölkədir ki, onun əhalisinin səkkizdə bir hissəsi qaçqın və məcburi köçkün ömrünü yaşayır. Azərbaycanın 636 min 586 nəfər məcburi köçkünü, Ermənistandakı tarixi ərazilərindən 20 il əvvəl çıxarılmış 300 minə yaxın qaçqını var və onların sırasına Orta Asiyadan, SSRİ-nin dağılması ərəfəsində Fərqanədən qovulmuş 50 min nəfər qaçqını artıranda 1 milyona çatan dəhşətli rəqəm ortaya çıxır. Bu insanların hamısının onillər, yüzillər boyu yaşadıqları daimi ərazilər, həmin ərazilərin özünəməxsus coğrafiyası, tarixi, etnoqrafiyası vardı. Bu zavallı insanlar təkcə ərazilərini, evlərini, sərvətlərini itirməmişlər. Ən ağır zərbə onların yaddaşına vurulmuşdur. Bu insanların əksər hissəsi tarixən kənd təsərrüfatı ilə məşğul olmuşdur. Onların əkinçi, maldar, fermer kimi öz vərdişləri, adətləri vardı, bu insanlar torpağın dilini bilirdilər. Qaçqınlıq, məcburi köçkünlük onları Azərbaycanın iri şəhərlərinə, əsasən Bakıya toplamışdır.

Ermənistanın işğalı altındakı Azərbaycan torpaqları 16 ildir ki, beynəlxlaq nəzarətdən tam kənardadır. O torpağın dilini bilən və o torpaqların sahibi olan qaçqın, köçkün azərbaycanlılar illərcə çadır şəhərciklərində, vaqonlarda yaşamğa vadar olmuş, həmin ərazilərdə isə erməni təcavüzkarları narkotik maddələrin becərilməsinə, təbiətin vandalcasına qəsb və mhv edilməsinə rəvac vermişlər.

Qaçqınlıq və köçkünlüyün ilk illərinin kiçik yaşlı uşaqları yaşa dolublar, onların çoxu artıq ailə sahibidir. Onlar bu illər ərzində ata-babaları kimi torpaqla çalışmaq imkanından məhrum olmuşlar. Demoqrafiya pozulub, xəstəliklər artıb.

O ərazilədə yaşayan insanların arasından normal həyat zamanlarında çoxlu musiqiçilər, alimlər, idmançılar çıxardı, bu ərazilərdəkilərin hamısı yaxşı təhsil alardı. Qaçqınlıq və məcburi köçkünlük illərində faktiki olaraq minlərlə alimi, sənətkarı, ziyalını, savadlı insanlar kütləsini itirdik. Bu, öldürülmüş bir nəsildir və onların səssiz kütləvi qətli davam edir. Amma biz mədəni Avropadan, yüksək dəyərlərdən danışırıq. Belə faciəmiz ortada ikən, bu cür danışmağa haqqımız varmı? O insanların itirilmiş dünyasını qaytarmayınca bizim rahat yaşamaq ixtiyarımız yoxdur. Evimizdə, doğmalarımız arasında olanda, xörək yeyəndə, əylənəndə, ailə albomumuzdakı köhnə şəkilləri seyr edib xatirələrə dalanda unutmayaq ki, bu adi insani rahatlıqdan məhrum olan milyonlarla avropalı var. İnsanlar var ki, onların hər şeyi, hətta ailə albomlarının köhnə şəkilləri də qayıdışsız məhv edilmişdir. Onların yalnız indisi deyil, keçmişi də oğurlanmışdır. Azərbaycanın bir milyon insanına bu dərdi Ermənistan, ermənilər və onlara havadarlıq edən iri güclər etmişdir. Digər Avropa ölkələrindəki oxşar faciənin müəllifləri başqa qüvvələrdir. Amma onlar hamısı qohumdur. Çünki onlar hamısı şərə qulluq edir. Biz isə məsələni kökündən həll etmədən sadəcə bu faciələr haqqında danışırıq. Bu gün növbəti dəfə danışırıq. Nə vaxta qədər yalnız danışacağıq? Bu mənim sualım deyil. Bu Avropadakı 3 milyona yaxın qaçqın və məcburi köçkünün sualıdır. Biz bu sualdan heç yerə qaça bilmərik. Biz bu suala cavab verməliyik. Amma bu gün də cavab verə bilmədik.

Əsgər Əliyev, AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

(AZƏRTAC).