Qazaxda qəbiristanlığı ermənilərin dağıtdığı sübuta yetirilsə…

Qazax rayonunun Qızılhacılı kəndində qəbiristanlıqda məzar daşlarının dağıdılması məsələsi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) diqqətindədir.

XİN mətbuat katibi Elxan Poluxov APA-ya bildirib ki, nazirlik araşdırmanın nəticələrini gözləyir: “Bu hadisəni ermənilərin törətdiyi sübuta yetirilsə, Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək.

Diplomat xatırladıb ki, rəsmi Bakı iki il əvvəl BMT qarşısında Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılması ilə bağlı məsələ qaldırıb.

Qeyd edək ki, Qazax rayonunun işğal altındakı Qızılhacılı kəndinin qəbiristanlığı yanvarın 7-dən 8-ə keçən gecə ermənilər tərəfindən dağıdılıb, 30-dan çox məzarın başdaşı sındırılıb. Bu barədə APA-ya Qazax rayon Polis Şöbəsinin rəis müavini Ədalət Sadıqov məlumat verib. Onun sözlərinə görə, sözügedən kənd erməni işğalı altında olsa da, qəbiristanlıq işğal edilməyib: “Kənd qəbiristanlıq bizim nəzarətimiz altındadır. Həmin kəndin sakinləri rəhmətə gedən yaxınlarını da orada dəfn edirlər”.

Rəis müavini vandalizmi ermənilərin törətdiyinə şübhə etmədiklərini söyləyib.

Ə. Sadıqov faktla bağlı araşdırmaların davam etdirildiyini sözlərinə əlavə edib.