Rəsmi Bakı Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinə dair mövqeyini açıqlayıb. Trend-in məlumatına görə, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü jurnalistlərə bildirib ki, o vaxt Türkiyə Ermənistanla sərhədləri iki məsələyə görə bağlamışdı…
Rəsmi Bakı Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinə dair mövqeyini açıqlayıb. Trend-in məlumatına görə, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü jurnalistlərə bildirib ki, o vaxt Türkiyə Ermənistanla sərhədləri iki məsələyə görə bağlamışdı. Birincisi, Ermənistanın Türkiyəyə olan ərazi iddiası, ikincisi isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə görə: “Ancaq bu gün bu məsələyə nəzər salsaq, görərik ki, heç nə dəyişməyib. Yəni nə Ermənistanın Türkiyəyə olan düşmənçilik münasibəti dəyişib, nə Ermənistan Türkiyədən açıq elan etdiyi ərazi iddialarından, nə də soyqırımın dünya miqyasında tanınması iddiasından əl çəkib. Həm də gördüyünüz kimi, Azərbaycana qarşı işğal faktı davam etməkdədir və bu sahədə aparılan danışıqlar heç bir nəticə vermir “.
Nazir müavininin sözlərinə görə, bu problemlər ona görə həll olunmayıb ki, Ermənistanın bu məsələdə mövqeyi qeyri-konstruktivdir. Ermənistan bu məsələnin həll olunmasına hazır deyil. Bütün bu sülh proseslərinin irəli getməməsinin səbəbi Ermənistan tərəfinin iradəsinin, xüsusilə siyasi iradəsinin olmamasıdır.
X.Xələfov Türkiyənin Ermənistandan Azərbaycanın işğal altında olan 2 rayonunun qaytarılmasını tələb etməsi barədə KİV-lərdə gedən məlumatlara da mövqeyini açıqlayıb: “Bu, əlbəttə, danışıqların predmetidir. Onu müzakirə etməyə ehtiyac yoxdur. Danışıqlarda da Azərbaycan tərəfinin mövqeyi aydındır. Bəli, bu məsələnin həll olunması üçün ilk növbədə işğal olunmuş ərazilərin problemi həll olunmalıdır. Bu problem həll olunmadan məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil “.
Nazir müavini deyib ki, Minsk qrupu da, digər beynəlxalq qurumlar da problemin həllinə dəstək verməlidirlər: “Xüsusilə həmsədrlər zəhmət çəkməlidirlər, üzərlərinə götürdükləri məsuliyyəti və missiyanı axıra qədər yerinə yetirməlidirlər. Bu da ondan ibarətdir ki, Ermənistanı sülhə, işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan torpaqlarından geri çəkilməyə vadar etməlidirlər. Bundan sonra sülh prosesindən, prosesin irəli aparılmasından söhbət gedə bilər “.
X.Xələfov bildirib ki, Azərbaycan Ermənistan-Türkiyə münasibətlərini Türkiyənin daxili işi hesab edir: “Buna müdaxilə etmirik. Türkiyə Ermənistanla hansı münasibətləri quracağını özü bilər. Ancaq biz tam əminik ki, Ermənistan bizim regionumuzda yerləşirsə və işğalçılıq siyasəti aparırsa, beynəlxalq məsuliyyət daşıyır. Digər qonşu dövlətlər də Ermənistanın bu işğalçılıq, təcavüzkar siyasətinə biganə qalmamalıdırlar və ona münasibət bildirməlidirlər. Biz hesab edirik ki, İran və Rusiya da Ermənistana təzyiq göstərməlidirlər. Çünki bu gün regionda sülhün, sabitliyin pozulmasının əsas səbəbkarı Ermənistanın apardığı siyasətdir. Bu gün Qərbin və ya Avropa İttifaqının regionda apardığı siyasətin müvəffəqiyyətsizliyinin əsas səbəbkarı yenə də Ermənistandır. Ona görə də bu məsələlərə göz yummaq olmaz və hesab edirəm ki, beynəlxalq müstəvidə, xüsusilə ATƏT-də vasitəçilik missiyasını öz üzərinə götürən əsas 3 ölkə – Fransa, Rusiya və ABŞ tamam yeni yanaşma göstərməlidirlər və bu məsələni irəli apara bilən addımlar atılmalıdır “.