Rusiyalı politoloq: “Ermənistanın yaxın vaxtlarda Gömrük İttifaqına üzv olacağı gözlənilmir”

Fyodor Lukyanov: “Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı “de-fakto” başa çatıb”…

Fyodor Lukyanov: “Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı “de-fakto” başa çatıb”

 

“Russia in Global Affairs” («Россия в глобальной политике») jurnalının baş redaktoru, tanınmış politoloq Fyodor Lukyanovun APA-nın Moskva müxbirinə müsahibəsi

 

 – Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik müşahidə olunur. Cənubi Qafqazda yeni müharibənin başlanma ehtimalı nə qədərdir?

 

 – Fikrimcə, Dağlıq Qarabağda yeni müharibənin başlanması mümkün deyil. Çünki yeni müharibə hamı üçün fəlakət olacaq. Həm müharibə iştirakçıları, həm də xarici güclər – Rusiya, Avropa və ABŞ üçün. Onsuz da bu üç tərəf arasında münasibətlər o qədər də yaxşı deyil. Cənubi Qafqazda yeni hərbi qarşıdurmanın başlanması isə bu gərginliyi daha da artıracaq. Hesab edirəm ki, hazırda baş verənlər müharibəyə çevrilə bilməz. Əgər bu baş versə, onda indiyə kimi aparılan danışıqlara, əldə olunan razılıqlara, qarşılıqlı fəaliyyət formatına böyük ziyan dəyəcək. Dağlıq Qarabağda müharibə ən çox Rusiyanı pis vəziyyətdə qoyacaq. Çünki Rusiya ilə Ermənistan arasında strateji hərbi əməkdaşlıq haqqında müqavilə mövcuddur. Bununla yanaşı, Rusiya Azərbaycanla da münasibətlərin vacibliyini anlayır. Ona görə də, hesab edirəm ki, vəziyyət zaman-zaman gərginləşə bilər, lakin bu, aktiv hərbi əməliyyatların başlanmasına gətirib çıxarmayacaq.

 

 – 20 ildən artıqdır, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz? ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi bu üçlüyün bundan sonra münaqişənin nizamlanmasına nə kimi faydası ola bilər?

 

 – ATƏT-in Minsk Qrupunun fəaliyyəti son dərəcə az effektlidir. Ona görə də vasitəçilərin fəaliyyəti haqqında söz demək çətindir. Sözsüz ki, bu təşkilat ona bəslənilən ümidləri doğrultmayıb. Uzun müddətdir ki, Qarabağ konfliktinin həlli ilə məşğul olmağa çalışır. Təşkilat mövcud vəziyyəti izləməkdən başqa bir şey eləmir. Hesab edirəm ki, bu, Minsk Qrupunun günahı deyil. Bu, xarici güclərin problemi də deyil. Azərbaycan-Ermənistan münasibətləri xüsusi daxili və müəyyən dinamikaya, daha doğrusu, xüsusi daxili və müəyyən statikaya malikdir. Çünki bu münasibətlər uzun müddətdir, eyni vəziyyətdə qalıb, inkişaf etmir. Problemə utopik deyil, real yanaşsaq, görərik ki, heç bir xarici qüvvə Azərbaycan və Ermənistan arasında “status-kvo”nun dəyişdirilməsi üçün heç nə edə bilmir. Bununla yanaşı, xarici qüvvələr mövcud vəziyyətin daha da gərginləşməsinə mane olmağa çalışır. Ona görə ki, qüvvələr arasında balans dəyişdikdə, baş verən nəticə ağır olur, nəinki mövcud vəziyyəti saxlamaq. Bununla Minsk Qrupu çərçivə formatını həyata keçirmiş olur. Lakin hadisələrin tamam başqa məcraya yönəlməsi Dağlıq Qarabağ ətrafındakı mövcud vəziyyəti dəyişə bilər. Bu, Azərbaycan və Ermənistanla bağlı bir şey deyil, regionda digər ciddi hadisələrin baş verməsi ilə əlaqədardır. Məsələn, İrana qarşı müharibə baş versə, o zaman regionda vəziyyət çox güclü şəkildə destabilləşəcək. Belə olan halda, hadisələrin inkişafının müxtəlif istiqamətlərdə getməsi mümkündür. Bu zaman Minsk Qrupunun fəaliyyətinə ehtiyac yarana bilər. Lakin indiki halda Minsk Qrupu formatına heç bir tələbat yoxdur.

 

 – Bu gün Cənubi Qafqazda müharibənin başlanması Qərbin marağında ola bilərmi? Soçi Olimpiadası ərəfəsində Cənubi Qafqazın barıt çəlləyinə çevrilməsini Qərbin bu region üçün planının tərkib hissəsi saymaq mümkündürmü?

 

 – Qərb bu gün o qədər problemin həlli ilə məşğuldur ki, çətin Cənubi Qafqazda yeni müharibənin başlanmasını dəstəkləsin. Bu problemlərə Yaxın Şərq, Suriya, İran, Şərqi Asiyadakı vəziyyətin sual altında olması, Çinlə münasibətlərin getdikcə gərginləşməsini aid etmək olar. Bütün bunlar ABŞ-ın Cənubi Qafqazın destabilizasiyasına dəstək verməyəcəyini göstərir. Cənubi Qafqazda müharibənin başlanması ABŞ-ın nəyinə lazımdır?

 

 – Rusiya bu gün həm Azərbaycana, həm də Ermənistana silah satır. Münaqişə vəziyyətində olan iki qonşu ölkəni silahlandırmaqda məqsəd nədir?

  – Məqsəd çox sadədir. Birincisi, hər şeydən əvvəl qüvvələr balansını saxlamaq. İkincisi, öz dövlət maraqlarını qorumaq. Bəli, Rusiya Ermənistanın hərbi müttəfiqidir. Lakin bununla yanaşı, Rusiya Azərbaycanla konstruktiv münasibətlərin qorunub saxlanmasında çox maraqlıdır. Bu, utanmazlıq kimi görünsə də, tamamilə normal siyasətdir.

 

 – Ermənistanın Gömrük İttifaqına daxil olarkən Dağlıq Qarabağı da özü ilə birlikdə bu təşkilata cəlb etməsi cəhdlərini necə şərh edərdiniz?

 

 – Dağlıq Qarabağın Gömrük İttifaqına rəsmi şəkildə üzv qəbul olunması mümkün deyil. Ermənistanın təşkilata üzvlük məsələsi də tam həllini tapmayıb, yaxın vaxtlarda tapacağı da gözlənilmir. Yəni, bu sabahın işi deyil. Çünki Gömrük İttifaqının öz daxilində çoxlu problem var. Bu problemlər təşkilat genişlənməzdən əvvəl həll olunmalı və tənzimlənməlidir. Bu gün Qazaxıstan və Belarus da Gömrük İttifaqının genişlənməsinin prioritet məsələ olmadığını söyləyir. Bəli, Ermənistanla “Yol xəritəsi” hazırlanıb, danışıqlar gedir. Qırğızıstanla isə “Yol xəritəsi” qəbul olunmayıb. Bütün bunlar onu göstərir ki, Gömrük İttifaqı öz daxilindəki problemləri həll etmədikcə, əhatə dairəsini genişləndirə bilməyəcək. Ona görə də Ermənistanın Dağlıq Qarabağla birlikdə Gömrük İttifaqına daxil olması məsələsi aktual məsələ deyil.

 

 

 

-2014-cü ildə Cənubi Qafqazın Avropa Birliyi ilə Avrasiya Birliyi arasında mübarizə meydanına çevriləcəyini proqnozlaşdırmaq olarmı?

 

 

 

– Deməzdim ki, Avrasiya Birliyi ilə Avropa Birliyi arasında 2014-cü ildə Cənubi Qafqazda nüfuz uğrunda mübarizə gedəcək. Bu mübarizəni bu gün ancaq Ukraynada müşahidə etmək mümkündür. Ukrayna isə Cənubi Qafqazda yerləşmir. Ermənistana gəldikdə, onu deyə bilərəm ki, İrəvan Avropaya iqtisadi inteqrasiya edə bilməz. Çünki Ermənistanın coğrafi baxımdan Avropaya heç bir aidiyyəti. Ermənistana hansısa şərtlə gələcəkdə Avropa Birliyinin potensial üzvü kimi də baxmaq olmaz. Ermənistandan fərqli olaraq Ukrayna və Moldovaya nəzəri cəhətdən Avropa Birliyinin potensial üzvü kimi baxmaq olar. Lakin Gürcüstan, Ermənistan və Azərbaycana yox. Ermənistanın Avropa Birliyindən imtina etməsi ilə Rusiya göstərdi ki, onun razılığı olmadan postsovet məkanında hər hansı fəaliyyət baş tutmayacaq. Hazırda Ukraynanın üstündə Rusiya-Avropa Birliyi mübarizəsinin şahidi oluruq. Bu mübarizə artıq sona yaxınlaşır. Şahidi olduq ki, Avropa Birliyi istədiyinə nail ola bilmədi. Hesab edirəm ki, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı “de-fakto” başa çatıb. Ola bilsin, gələcəkdə başqa proqramlar olsun, ancaq AB “Şərq Tərəfdaşlığı” proqramının icrası zamanı yaşadığı maneələrlə yenidən qarşılaşmağa hazır deyil. Ukraynadakı hadisələr bunu göstərdi. Gürcüstanla isə assosiativ saziş imzalana bilər. Rusiya Gürcüstanla bağlı məsələdə o qədər də aktivlik göstərməyəcək. Çünki Avropa Birliyinin Gürcüstanla assosiativ sazişi tam simvolik xarakter daşıyır. Bu, Gürcüstanın Avropaya inteqrasiya cəhdlərinin işarəsini göstərməkdən başqa bir şey deyil. Gürcüstan da Azərbaycan və Ermənistan kimi heç vaxt Avropa Birliyinə üzv olmayacaq.

 

– İndiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərini necə şərh edərdiniz?

 

– İki ölkə yaxşı başa düşür ki, qarşılıqlı münasibətləri qoruyub saxlamaq vacibdir. Azərbaycan müstəqil ölkədir, ölkə rəhbərliyi müstəqil siyasət yürüdür. Ölkə heç bir təşkilata qoşulmamaq, öz gücünə irəli getmək və hər kəslə məsafə saxlamaq yolunu seçib. Rəsmi Moskva da Azərbaycanla bunun üzərinə siyasətini qurur və ümid etmir ki, Azərbaycan nə vaxtsa Rusiyanın təşəbbüsü ilə hansısa layihələrə qoşulacaq. Belə olan halda rəsmi Moskva Azərbaycanın Rusiyaya əks, dostluq münasibətlərinə ziyan vura biləcək layihələrə qoşulmayacağını da gözləyir.

 

 Qeyd: “Russia in global affairs” («Россия в глобальной политике») jurnalı Rusiyanın dünya siyasətində rolu, beynəlxalq münasibətlər, qloballaşma, terrorla birgə mübarizə və digər vacib mövzular barədə tanınmış rusiyalı və xarici ekspertlərin, dövlət rəsmilərinin yazılarını dərc edən beynəlxalq arenada ən nüfuzlu Rusiya dərgisi sayılır. 2003-cü ildə təsis edilən dərginin redaksiya heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, keçmiş xarici işlər naziri, Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının prezidenti İqor İvanov, Almaniya Federativ Respublikasının 1982-88-ci illərdə federal-kansleri olmuş Helmut Kol, Rusiyanın tanınmış dövlət xadimi Yevgeni Primakov və digər tanınmış yerli və xarici dövlət xadimləri daxildir.

 

 /Apa/