Serj Sarkisyanın Düşənbədə səsləndirdiyi bəyanat erməni xislətini bir daha göstərdi

Ermənistan Prezidenti Serj Sarkisyanın Düşənbədə səsləndirdiyi bəyanat erməni xislətini bir daha göstərdi. Bu bəyanat onu deməyə əsas verir ki, işğalçı dövlət beynəlxalq hüquq normalarına riayət etmək istəmir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ” İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov deyib.
Məmmədov bildirib ki, hazırda sülh danışıqları aparılsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin həlli istiqamətində irəliləyiş yoxdur. Onun fikrincə, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu işğalçı dövlətlə çox yumşaq rəftar edir.
“Bütün bunlar isə Ermənistanı şirnikləndirir və işğalçı dövlət münaqişənin həllini mümkün qədər uzatmağa çalışır. Serj Sarkisyanın son bəyanatı bunu bir daha təsdiqləyir. Amma Sarkisyan bilir ki, xarici dəstəyi olmasa, bir gün belə onun işğalçı ordusu Azərbaycan ərazilərində qala bilməz. Gün gələcək ona dəstək verilməyəcək. Eyni zamanda, Azərbaycan müəyyən vaxta qədər səbr edəcək və danışıqlar nəticəsiz qalsa, biz öz torpaqlarımızı istənilən yolla işğalçılardan azad edəcəyik “, – Məmmədov vurğulayıb… Trend.