Şeyx Fransa terrorçularını pislədi

“Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməyib”…

“Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməyib”.

Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, biz, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyirik.

Bu baxımdan, Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq. İnsan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır. Bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasında törədilmiş kütləvi qətllə bağlı yaydığı məlumatda deyilir.

Bəyanatda bildirilir ki, hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır.

“Heç bir səmavi din, o cümlədən, İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyildir”.
          
QMİ qeyd edir ki, din, onun dəyərləri, müqəddəs şəxsiyyətləri, rəmzləri, simvollarına ehtiram nümayiş etdirilməlidir.

“Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməmişdir. Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik”.

www.oxu.az