Son müddətdə həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərdi

Bizim üçün ən ağır olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş yoxdur. Mən bu məsələ ilə bağlı ictimaiyyətə kifayət qədər geniş məlumatlar çatdırmışam. Müstəqilliyimizin 20 illik yubiley tədbirində də kifayət qədər geniş məlumat vermişəm, bəlkə də təkrara ehtiyac yoxdur. Sadəcə demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetində 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda giriş nitqi zamanı deyib.
“Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, deyil və olmayacaqdır. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edək. Yenə də deyirəm, nəticə olmasa da son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səslənən fikirlər müəyyən ümidlər verir, xüsusilə status-kvonun qəbul edilməməsi ilə bağlı. Yəni, status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir, münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi təbii ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edir və münaqişənin həlli yolları məhz bundan keçir ” İlham Əliyev deyib.
Dövlət başçısı deyib ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır… Trend.