“Kiprdə işğal olunan yeganə şey – türklərin hüquqlarıdır”
“Dağlıq Qarabağ və Kipr münaqişələri bir-birindən tamamilə fərqli münaqişələrdir”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Cümhuriyyəti Demokrat Partiyasının lideri Sərdar Denktaş söyləyib. O bildirib ki, Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan torpaqlarıdır və bölgənin azərbaycanlı əhalisi yurdlarından qovulub: “Kipr isə yunan və türklərin ümumi ərazisidir. 1974-cü ildə yunan tərəfi bütün Kiprin ərazisini işğal etməyə cəhd göstərdi, lakin türk tərəfi bununla barışmadı və müdaxilə etmək məcburiyyətində qaldı. 1976-cı il sazişindən sonra cənubda yaşayan Kipr türkləri şimala, şimalda yaşayan yunanlar isə cənuba köç etdilər. Biz şimal ərazilərini işğal etməmişik. Bu adada yeganə işğal olunan şey – türklərin hüquqlarıdır”.
Sərdar Denktaşın fikrincə, Dağlıq Qarabağ və Kipr münaqişələri arasında analogiya aparmaq düzgün deyil: “Yeganə ümumi cəhət odur ki, həm Türkiyə, həm də Azərbaycan öz mövqelərini dünya ictimaiyyətinə çatdırmaq istəyir”./APA/