Təbii fəlakət zonasında 2200 məcburi köçkün təhlükəsiz yerə köçürülüb

Daşqın və subasma nəticəsində məcburi köçkünlərin məskunlaşdığı 183 ev dağılıb

“Təbii fəlakət başlayandan bəri 500 evdən 2200 məcburi köçkün təhlükəsiz yerlərə köçürülüb”. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, baş vermiş təbii fəlakət nəticəsində məcburi köçkünlərə məxsus 183 ev dağılıb: “Ümumilikdə isə 2300 ev zədələnib. Ən çox ziyan Göygölün Hacıkənd kəndində qeydə alınıb. Həmin ərazidə 40-a yaxın evi sel dağıdıb”.

Ə. Həsənov Saatlının Nəriman kənd qəsəbəsində məskunlaşan məcburi köçkün düşərgəsinə də ziyan dəydiyini qeyd edib: “Burda 100 evi su basıb. O evlərdə yaşayanların bir qismi yaxınlıqdakı məktəblərə köçürülüb. Sabirabadın Şəhriyar qəsəbəsində isə elə bir təhlükə yoxdur”.

Arazın yeni qolunun açılması ilə əlaqədar bu gün Bəhramtəpədə yerli qurumların nümayəndələri ilə görüşdüyünü vurğulayan Ə. Həsənov görüşün keçirilməsində məqsədin yeni açılacaq qolun Biləsuvar rayonunda məskunlaşan məcburi köçkünlərin düşərgəsinin yaxınlığından keçməsi ilə bağlı olduğunu deyib.

Ə. Həsənov baş vermiş təbii fəlakətlə əlaqədar məcburi köçkünlərə məxsus 160 minə yaxın iri və xırda buynuzlu mal-qaranın təhlükəsiz yerlərə köçürüldüyünü və bu istiqamətdə tədbirlərin davam etdirildiyini qeyd edib. Fəlakət nəticəsində ziyan çəkmiş məcburi köçkünlərə kompensasiyaların verilməsinə gəldikdə isə Ə. Həsənov bu məsələyə dövlət komissiyası tərəfindən baxılacağını bildirib: “Hər kəsə dəymiş ziyan hesablanaraq dövlət komissiyasına təqdim olunacaq. Kimə nə ziyan dəyibsə, o ziyan ödəniləcək”.