Ukrayna məcburi köçkün probleminin həlli üçün Azərbaycanın təcrübəsini öyrənmək istəyir

Oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenko ilə görüşüb.

Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Baş nazirin müavini Əli Həsənov ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırıb.

ATƏT-in Minsk qrupunun münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllində, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılması istiqamətində fəaliyyətinin hələ də bir nəticə vermədiyindən təəssüfləndiyini bildirən Baş nazirin müavini münaqişənin həlli prosesində Minsk qrupunun səylərinin gücləndirilməsinin və fəaliyyətində dönüş yaradılmasının vacibliyini vurğulayıb.

Səfir ölkəmizdə gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Diplomat bildirib ki, rəsmi Kiyev Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq yaranmış məcburi köçkün problemini həll etmək üçün Azərbaycan hökumətinin məcburi köçkünlərlə bağlı təcrübəsini öyrənmək istəyir. O, əlavə edib ki, görüşün əsas məqsədlərindən də biri budur.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı vəziyyət, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

/Xalq qezeti/