Xocalı soyqırımının şahidi olmuş ukraynalı yeganə pilotun xatirələri nəşr olunacaq

Dağlıq Qarabağ müharibəsi, o cümlədən Xocalı soyqırımının şahidi olmuş keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin pilotu Leonid Kravetsin “Dağlıq Qarabağ xatirələrim ” adlı kitabı nəşr olunacaq. Trend-in məlumatına görə, bu barədə kitabın ərsəyə gəlməsinin təşəbbüskarı olan Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bazar ertəsi bildirilib…

Dağlıq Qarabağ müharibəsi, o cümlədən Xocalı soyqırımının şahidi olmuş keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin pilotu Leonid Kravetsin “Dağlıq Qarabağ xatirələrim ” adlı kitabı nəşr olunacaq. Trend-in məlumatına görə, bu barədə kitabın ərsəyə gəlməsinin təşəbbüskarı olan Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bazar ertəsi bildirilib.

UAK sədri Rövşən Tağıyev deyib ki, kitabda müəllif həmin dövrlərdə şahidi olduğu, indiyədək cəmiyyətə məlum olmayan, yaxud az bəlli olan hərbi və siyasi olaylara yer verəcək.

Ehtiyatda olan zabit Leonid Kravets 1991-ci ilin sonlarında münaqişə bölgəsinə Rusiya Prezidenti Boris Yeltsin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Azərbaycan Prezidenti Ayaz Mütəllibovu aparan vertolyotun pilotu olub.

O, Xocalı soyqırımının ertəsi günü məlum kadrlarda meyitləri yığılması zamanı yeganə vertolyotu idarə edərək, o dövrdə bütün siyasi-hərbi çəkişmələrin canlı şahidi olub. Xocalıdan savayı Dağlıq Qarabağ və ətraf rayonlarda müxtəlif aylarda müxtəlif bölgələrdən kütləvi şəkildə qırılmış azərbaycanlıların meyitlərinin daşınmasında iştirak edib.

Kravets 1989-cu ildə Dağlıq Qarabağa SSRİ-nin Uzaq Şərq hərbi dairəsindən göndərilib. /Trend/