Amerika kəşfiyyatı: Putin Gürcüstana müdaxiləyə hazırlaşır

“Ermənistana hərbi müdaxilə üçün xüsusi zərurət yoxdur”…

“Ermənistana hərbi müdaxilə üçün xüsusi zərurət yoxdur”.

Rusiya prezidenti Vladimir Putinin Krımla kifayətlənməyərək, daha bir neçə ölkəyə hərbi müdaxilə edəcəyi barədə məlumatlara biri də əlavə olunub.

Oxu.Az xəbər verir ki, haqqin.az saytının qərb mətbuatına istinadən yaydığı məlumata görə, ABŞ Konqresinin Nümayəndələr palatasının kəşfiyyat komitəsinin sədri Mayk Rocers “Fox News” telekanalına müsahibəsində Rusiyanın Cənubi Osetiyada hərbi iştirakını artırdığını bəyan edib.

Mayk Rocersin sözlərinə görə, prezident Putin İranla birbaşa əlaqə yaratmaq məqsədilə Gürcüstan və Ermənistana hərbi müdaxiləyə hazırlaşır.

“Onlar ən müasir hərbi texnikanı Cənubi Osetiyaya daşıyırlar. Bunun üçün səbəb yoxdur. Gürcüstan ordusu heç bir təhdid yaratmır. Bu, ciddi narahatlıq doğurur”, – deyə, Nümayəndələr palatasının komitə sədri bəyan edib.

Rocers hesab edir ki, Rusiyanın İranla birbaşa əlaqə qurmaq səyləri təəccüb doğurmamalıdır. Hər iki tərəf beynəlxalq sanksiyalarla qarşılaşıblar və tezliklə Rusiya özünə qarşı tətbiq olunan sanksiyaların təsirini hiss edəcək.

Qeyd edək ki, Rusiya onsuz da Cənubi Osetiyadakı qoşun birləşmələrinin daxil olduğu Cənub hərbi dairəsini ən müasir silah və texnika ilə gücləndirməkdədir. Belə ki, bir müddət əvvəl Moskva Cənub hərbi dairəsinin qoşunlarına “İskander” tipli yeni ballistik raketlər verib.

Bundan başqa, bu qoşunların silahlanmasında “S-400” hava hücumundan müdafiə sistemləri, “T-90” tankları, “SMERÇ” reaktiv yaylım atəş sistemləri, ən müasir hücum helikopterləri var. Rusiya Cənubi Osetiyada 30 minlik hərbi kontingent saxlayır.

ABŞ Konqresinin kəşfiyyat üzrə komitə rəhbərinin məlumatından bu nəticəyə gəlmək olar ki, Rusiya istənilən vaxt bu iki Cənubi Qafqaz ölkəsini nəzarətinə ala bilər. Ermənistana hərbi müdaxilə üçün xüsusi zərurət yoxdur, çünki bu ölkə onsuz da rusların nəzarətindədir. Söhbət 2008-ci ilin avqust müharibəsindən sonra öz ərazilərinin bir hissəsini itirmiş Gürcüstandan gedir. Qonşu Gürcüstanı tam işğal etmək üçün ruslara bir neçə saat vaxt lazım olardı.

Putinin iqtisadi məsələlər üzrə keçmiş müşaviri Andrey İllarionov da əvvəllər bəyan etmişdi ki, Rusiya Krımla kifayətlənməyəcək və Ukraynanın bütün cənub-şərqi ərazilərini tutacaq, həmin torpaqları Dnestryanı Moldova torpağı ilə birləşdirəcək.

Sonra isə o, Baltikyanı ərazilər və hətta Finlandiyaya müdaxilə edəcək. Cənubi Qafqazı isə Rusiya öz əyaləti hesab edir və bu torpaqları tutmaq böyük əziyyət tələb etməyəcək.

www.oxu.az