“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” qətnaməsi ilə bağlı bəyanat yayıb

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” qətnaməsi ilə bağlı bəyanat yayıb. Qurumdan APA-ya daxil olan bəyanatda bildirilir ki, rəsmi Vaşinqtonun, ABŞ-ın, özünü demokratiyanın və ədalətin beşiyi elan etməyə cəhd edən ölkənin qanunverici orqanının mövqeyi anlaşılmazdır: “Çünki bu, Amerikanın özünün siyasi və iqtisadi maraqlarına ciddi zərbə vuran, Yaxın Şərqdə və Cənubi Qafqazda heç də sabitliyə xidmət etməyən səhv və son dərəcə məsuliyyətsiz bir addımdır. Yuxarıda adı çəkilən qətnamənin qəbulu həmçinin ona görə səhvdir ki, bu, yalnız Amerikadakı erməni lobbisinin təzyiqləri altında və müvafiq arxiv materialları hərtərəfli öyrənilmədən edilib. Necə olur ki, ABŞ Konqresindəki “demokratlar” 92 il öncədəki uydurma məsələ ilə maraqlanırlar, amma 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş XX əsrin ən dəhşətli soyqırımına göz yumurlar? Niyə onlar ermənilərin 1918-1922-ci illərdə bir milyon yarım azərbaycanlını, yəhudini və digər millətlərin nümayəndələrini əsl soyqırıma məruz qoyması faktı ilə maraqlanmırlar?”
“Azərbaycanda Miqrantların və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi ABŞ Konqresi Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qiymətləndirməsini kəskin şəkildə pisləyir: “Biz hesab edirik ki, bu addım Amerika-Türkiyə, Amerika-Azərbaycan münasibətlərinə, müsəlman və xristian dünyalarının qarşılıqlı əlaqələrinə mənfi təsir göstərəcək”. /APA/