“Azərbaycanda miqrantlar və xaricdən gəlmiş qaçqınlar: mövcud durum və problemlər” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birgə “Azərbaycanda miqrantlar və xaricdən gəlmiş qaçqınlar: mövcud durum və problemlər” mövzusunda dəyirmi masa keçirib. 

APA-nın məlumatına görə, “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Nadir Abdullayev miqrasiya probleminin nizamlanması ilə bağlı Azərbaycan dövlətinin müvafiq qanunlar qəbul edildiyini deyib. Birliyin mütəxəssisi Dəyanət Musayev isə miqrasiya sahəsində dünyada və Azərbaycandakı mövcud durum barəsində məlumat verib: “Son 35 il ərzində öz vətənlərindən kənarda yaşayan insanların sayı 2 dəfədən çox artaraq 175 milyona çatıb. Bu gün Azərbaycana əsasən İran, Çeçenistan, Hindistan, Banqladeş, Pakistan, İraq, Gürcüstan, Nigeriya, Özbəkistan, Tunis, Vyetnam və başqa dövlətlərdən miqrantlar gəlirlər. Gürcüstanda yaşayan 500 mindən artıq soydaşımız da iş axtarmaq məqsədilə son 20 il ərzində Azərbaycana üz tutub”. O, qeyri-qanuni miqrantların ölkəmizə axınının bir sıra problemlər yaratmasından da danışıb: “Azərbaycanda 9400 qeydiyyatdan keçən immiqrant yaşayır. Əslində isə hazırda Azərbaycanda immiqrantların sayı 70 mindən az deyil”. İmmiqrantların sayının həddindən artıq çox olduğu yerlərdə əhalinin sosial vəziyyətinin pisləşdiyini deyən D. Musayevin sözlərinə görə, immiqrantların çox olduqları bölgələrdə qeyri-leqal miqrantlar rəsmi qeydiyyata alınmış iş yerlərini tutaraq əmək bazarına təsir göstərir və kölgə iqtisadiyyatına cəlb olunurlar. Bununla da dövlətə böyük ziyan vurulur. Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov isə Ahıska türklərinin 1944-cü ildən indiyə qədər üzləşdikləri problemlərdən danışıb: “Ahıska türklərinin tarixi torpaqlarına Gürcüstana köçməsində bəzi problemlər yaranır. Türk dünyası və beynəlxalq qurumlar dəstək göstərməsə, Ahıska türklərinin tarixi torpaqlarına dönməsində problemlər həll olunmayacaq”. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və informasiya departamentinin rəhbəri Sənan Hüseynov isə deyib ki, bu məsələ ilə bağlı dövlət qurumları tərəfindən ardıcıl tədbirlər görülür və qarşıya çıxan neqativ halların aradan çıxmasına cəhd edilir. /APA/