“Azərbaycan: məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili“ hesabatının təqdimatı olmuşdur

Martın 3-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) “Azərbaycan: məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili“ hesabatının təqdimatı olmuşdur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, yekun hesabat Azərbaycan hökuməti tərəfindən nəzərdən keçirilmiş, düzəlişlər üçün rəy və təkliflər bildirilmişdir. Ə.Həsənov 22 illik qaçqınlıq, 18 illik məcburi köçkünük dövründə Azərbaycanda 1 milyona yaxın insanın problemlərinin həlli istiqamətində dövlət tərəfindən görülən işləri nəzərə çatdırmışdır.
Bildirilmişdir ki, indiyədək dövlət bu məqsədlə təqribən 2,9 milyard dollar vəsait xərcləmişdir. Bunun 1 milyard 300 milyonu dövlət büdcəsindən, 770 milyonu Dövlət Neft Fondunun hesabından, 780 milyon dollar isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, maliyyə qurumları tərəfindən sərf edilmişdir. Bütün infrastrukturlara malik 64 qəsəbə salınmış, bu qəsəbələrdə 123 məktəb tikilmişdir. Görülən tədbirlər yüz min məcburi köçkünün həyat şəraitini yaxşılaşdırmışdır. Qeyd olunmuşdur ki, hazırda Bakıda 216 min məcburi köçkün ağır şəraitdə yaşayır və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
Əli Həsənov ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlərdə beynəlxalq təşkilatların rolunu yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, bir sıra təşkilatlar da hökumətin bu sahəyə dair proqramları əsasında müəyyən işlər görürlər. Lakin bütün bunlara baxmayaraq, bu sahədə problemlər hələ də mövcuddur.
BMTQAK-ın Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm bildirmişdir ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən qurumun hesabatı iki il müddətində hazırlanmışdır. Aparılan təhlillərdən məqsəd Azərbaycandakı məcburi köçkünlərin himayəsi zamanı mövcud boşluqları müəyyən etmək və onların aradan qaldırılması istiqamətdə tədbirlər həyata keçirməkdir.
Sonra “Azərbaycan: məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili“ hesabatının təqdimatı olmuşdur. Hesabatda təhsil, hüquqi təminat, səhiyyə, mülkiyyətin tərk edilməsi zamanı köçkünlərin üzləşdikləri çətinliklərə aid boşluqlar öz əksini tapmışdır.
Baş nazirin müavini hesabatda yol verilən qüsurlara aydınlıq gətirmiş, sənədin yenidən hazırlanmasını tövsiyə etmişdir. Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar qəbul edilmiş qətnamələrin icrası vəziyyətinin monitorinqinin aparılması təklifi ilə də çıxış etmişdir.
Qeyd edilmişdir ki, işçi qrup əldə edilən nəticələrin müzakirəsindən sonra görüləcək işlərə dəstək olacaq təklifləri formalaşdıracaq və müvafiq qurumlara təqdim edəcəkdir.