Azərbyaycan Litvanın ATƏT-ə rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsinin fəal müzakirə predmetinə çevriləcəyinə ümid edir.
Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin vitse-spikeri, ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Muradova bildirib ki, Litva ATƏT-ə rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağ məsələsinə diqqət ayıracağını vəd edib.Vitse-spiker hesab edir ki, Ermənistan il ərzində qeyri-konstrujtiv mövqe sərgiləməkdə davam edəcək.Hazırda ATƏT-ə Litvanın xarici işlər naziri rəhbərlik edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib./TREND/