Konqresdən Rusiyaya sonuncu zərbə: rus mühərriklərindən imtina olunur

ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı 2015-ci ildə hərbi ehtiyaclar üçün xərclər haqqında qanun layihəsini uyğunlaşdırıb…

ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı 2015-ci ildə hərbi ehtiyaclar üçün xərclər haqqında qanun layihəsini uyğunlaşdırıb.

 

Publika.az-ın “Wall Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, qanun layihəsində “Atlas V” raket-daşıyıcıları üçün istifadə olunan Rusiyanın “RD-180” mühərriklərinin alınmasından imtina olunur.

 

“Wall Street Journal” nəşri qeyd edir ki, əgər qanun layihəsi qəbul edilər və prezident Barak Obama tərəfindən imzalanarsa, “United Launch Alliance” (ULA) şirkəti daha Rusiya mühərriklərinin alınmasını həyata keçirə  bilməyəcək. Qanun layihəsi həmçinin Rusiya mühərriklərinin Amerika analoqlarının hazırlamasına 220 milyon dollar ayrılmasını nəzərdə tutur. Bu mühərriklərdən həmçinin gələcəkdə Amerika peyklərinin işə salınması üçün də istifadə olunacaq.

 

Qanun layihəsinin bu həftə həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul ediləcəyi gözlənilir. Layihənin müəllifi respublikaçı senator Con Makkeyndir. Lakin ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “RD-180” mühərrikləri ilə bağlı qəbul olunacaq qadağaya qarşı çıxır. Daha əvvəl Pentaqon bildirmişdi ki, Ukrayna böhranına görə yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiya mühərriklərindən istifadə haqqında məsələ yenidən gözdən keçirilə bilər.

 

Qeyd edək ki, ULA Amerika peyklərinin işə salınması üçün “RD-180” Rusiya mühərriklərindən istifadə edən “Boeing” və “Lockheed Martin” şirkətlərinin ortaq müəssisəsidir.  ABŞ-ın Hərbi Hava Qüvvələri ötən il ULA ilə 2019-cu ilə qədər Rusiya mühərriklərinin çatdırılması barədə müqavilə bağlayıb. Müqavilənin dəyəri 11 milyard dollar idi.

 

Artıq ABŞ Hərbi-Hava Qüvvələrinin komandanlığı raket mühərrikləri alınması və istehsalı ilə bağlı tender də elan edib.

 

Xatırladaq ki, ABŞ-ın Federal Məhkəməsi may ayında ULA müəssisəsinə Rusiyanın raket mühərriklərini almağı qadağan etmişdi. “RD-Amros” Rusiya-ABŞ müəssisəsi ilə ULA arasında  bağlanan müqaviləyə görə, ABŞ-a 36 “RD-180” raket mühərriki tədarük edilməli idi.

 

ABŞ “RD-180” raketlərinin analoqu ilə bağlı şirkətlərin bir neçə təklifinə baxmağa hazırdır. ABŞ Hərbi-Hava Qüvvələrinin tələblərinə əsasən, yeni mühərriklər effektli və ticari baxımdan münasib olmalıdır.

 

ABŞ Federal Məhkəməsinin may ayında qəbul etdiyi qərara baxmayaraq, Vaşinqton iyunda Rusiya istehsalı olan raket mühərriklərinin alışını azaltmaq fikrindən daşınmışdı. Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirmişdi ki, ABŞ Rusiyadan daha çox raket mühərriki almağa hazırdır. D.Roqozin daha əvvəl isə Rusiyanın ABŞ-ın sanksiyalarına cavab olaraq “RD-180” və “K-33” raket mühərriklərinin ABŞ-a satışını dayandıra biləcəyini söyləmişdi. “Amerikalılar bizdən “K-33” və “RD-180” raket mühərriklərini alırlar. Onlar hazırda Rusiyadan daha çox raket mühərriki almağa hazırdır”, – D.Roqozin deyib.

 

“Bloomberg” agentliyi isə Rusiyanın “RD-180” raket mühərriklərinin əvəz olunması üzərində iş getdiyini xəbər vermişdi. Agentlik bunun üçün 1,5 milyard dolların lazım olduğu və prosesin altı il çəkəcəyini bildirsə də, ABŞ Hərbi-Hava Qüvvələrinin elan etdiyi tender bu müddətin daha az olacağını göstərir.

 

Heç kimə sirr deyil ki, amerikan peyk-casusları və məxfi kosmik qurğuları orbitdə Rusiya raket mühərriklərinin köməyilə fəaliyyət göstərir. Bu barədə yazan “The Washington Post” qəzetinin müxbiri Coel Akenbak bildirir ki, müdafiə müəssisələrinin məmurları və aerokosmik sahəyə aid mütəxəssislər ABŞ-ın artıq çoxdan raket mühərriklərinin hazırlanması üçün istehsal bazası yaratmalı olduğunu təsdiqləyir: “Bu baza Rusiya bazasından geri qalmamalıdır. Nəzəri baxımdan hər şey sadədir: Nəyə görə ABŞ ölkənin milli təhlükəsizliyi ilə bağlı proqram məsələsində ruslardan asılı olmalıdır? ABŞ-da raket mühərriklərinin istehsalı bir neçə ilə başa gələ bilər”. 

 

Amerikada “Atlas V” raketlərinin 38 buraxılışı planlaşdırılıb. Onlar Rusiya istehsalı olan qatı mühərriklər – “RD-180”lə təchiz olunmalıdır. Amma amerikanlarda cəmisi 16 bu cür mühərrik var. 

 

/Publika/