Məktəblərdəki məcburi köçkünlərin köçürülməsi istiqamətində işlər aparılır

Azərbaycanda məktəblərdə, hərbi hissələrdə və fin qəsəbələrində yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi istiqamətində işlər aparılır. APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənovun sözlərinə görə, kəlbəcərli məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində 596 mənzildən ibarət qəsəbənin tikintisi aparılır və iki aydan sonra işlər başa çatacaq. İmişli və Yevlax rayonlarındakı fin qəsəbələrinin köçürülməsi layihəsi də hazırdır. Məktəblərdən və fin qəsəbələrindən köçürmələr eyni vaxtda başlayacaq.

Komitə sədri onu da əlavə edib ki, Müşfiq qəsəbəsi və Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissələrdə məskunlaşmış məcburi köçkünləri başqa yerə köçürmək üçün torpaq sahəsi ayrılıb. Hazırda onların həmin ərazilərə köçürülməsi istiqamətində müvafiq işlər görülür.

Ə. Həsənov onu da vurğulayıb ki, Bakı şəhərindəki dövlət əhəmiyyətli obyektlərdə məskunlaşmış 360-dək məcburi köçkünün də köçürülməsi planlaşdırılır. Onlar üçün paytaxtda tikilən 9 mərtəbəli binanın inşası sentyabr ayına yekunlaşacaq.