Qənirə Paşayeva insan orqan və ya toxumalarının transplantasiyası haqqında 15 il əvvəl qəbul olunmuş qanunu icra etməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva Mili Məclisin iclasında müvafiq qurumları 15 il bundan əvvəl qəbul edilmiş insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini qısa zamanda icraya çağırıb…

Millət vəkili Qənirə Paşayeva Mili Məclisin iclasında müvafiq qurumları 15 il bundan əvvəl qəbul edilmiş insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini qısa zamanda icraya çağırıb. APA-nın xəbərinə görə, Q. Paşayeva bildirib ki, 28 oktyabr 1999-cu ildə parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər: “Qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər”.

 

Q. Paşayeva qeyd edib ki, bu gün ölkədə orqan köçürülməsi sadəcə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür: “Bununla da sağlam insanların həyatı da bir çox hallarda risk altına düşür. Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyitdən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı 15 ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər”.

/Apa/