Qaçqınkomda 182 min manatlıq dələduzluq

Son günlər Bakının şəhər və rayonlarında yenidən bu cür hallar baş verib…

Son günlər Bakının şəhər və rayonlarında yenidən bu cür hallar baş verib.

Bakıda Dövlətqaçqınkomun adından sui-istifadə edən Vüsalə Saleh qızı Mirzəyevanın dələduzluq əməlləri ifşa olunub.

Oxu.Az xəbər verir ki, Lent.az-ın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Füzuli rayonundan məcburi köçkün, Bakı şəhəri Müşfiqabad qəsəbə sakini Fatma Səfəralı qızı Cabbarova Dövlətqaçqınkoma ərizə ilə müraciət edərək V.Mirzəyevanın dələduzluq əməlindən şikayət edib.
 
F.Cabbarova ərizəsində göstərib ki, keçən il təsadüfən tanış olduğu V.Mirzəyeva özünü Cəbrayıl rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edərək məcburi köçkünlər üçün salınan qəsəbədən onlara mənzil düzəldə biləcəyini bildirib.
 
F.Cabbarova rəfiqəsinin də mənzilə ehtiyacı olduğunu söyləyib və rəfiqəsi ilə danışıb ona cavab verəcəyini qeyd edib. Bir müddətdən sonra F.Cabbarova daha bir neçə nəfərlə “Qızıl tac” restoranının yanına gələrək onları Vüsalə ilə görüşdürüb. Razılıq əldə olunduqdan sonra V.Mirzəyeva müxtəlif vaxtlarda onlardan ümumilikdə 182 min manat alaraq ev düzəltməyə söz verib.
 
V.Mirzəyeva adları məlum olmayan daha 3 nəfərlə birlikdə saxta yolla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini, hətta evlərinin açarlarını da hazırlayaraq 7 ailəyə Mehdiabad qəsəbəsində, 18 ailəyə isə Müşviqabad qəsəbəsində mənzil verəcəyini vəd edib. Lakin bir müddət keçəndən sonra onlara ev verilmədiyini görən və verilmiş sənədlərin saxta yolla hazırlandığını dərk edən məcburi köçkünlər pullarını geri qaytarmaq məqsədilə V.Mirzəyevanı axtarmağa başlasalar da, onu tapa bilmirlər. V.Mirzəyevanı tapa bilmədikləri üçün ortada vasitəçilik missiyası daşıyan F.Cabbarovanın üstünə düşürlər.
 
F.Cabbarova V.Mirzəyevanı taparaq çətinliklə də olsa, verilən puldan 97 min manatını müxtəlif vaxtlarda sahiblərinə ödətdirə bilir. 87 min manat isə hələ də qaytarılmayıb.
 
İndi Fatma Cabbarova ona köməklik göstərilməsi üçün bu cinayətkar dəstənin üzvlərinin cəzalandırılmasını tələb edir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları artıq hərəkətə keçib.

17:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məcburi köçkünlərə xəbərdarlıq edib. 

Oxu.Az-ın komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məcburi köçkünlərin yeni mənzillərə köçürülmə prosesi Dövlətqaçqınkomun, əraziləri işğal olunmuş və məskunlaşma rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələrindən ibarət xüsusi yaradılmış komissiyanın iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir.

Əvvəllər Komitə tərəfindən Bakı şəhərində bəzi dələduzluq halları barədə məcburi köçkünlərə xəbərdarlıq edilməsinə baxmayaraq son günlər Bakının şəhər və rayonlarında yenidən bu cür hallar baş verib.

Dövlətqaçqınkom bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar da cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Dövlətqaçqınkom bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərdəki rayon polis şöbələrinə məlumat versinlər.

www.oxu.az