Qaçqınların sayı azalır

Azərbaycanda qaçqın kimi yaşayan xarici ölkə vətəndaşlarının sayı azalır. Son illər ərzində Azərbaycanda qaçqınların sayı 5 min nəfərdən 4 min nəfərə enib.

Lent.az-ın məlumatına görə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bir vaxtlar ölkədə qaçqın kimi qeydiyyata alınmış çeçenlərin sayı 12 mindən 2 minə enib. Onların bir hissəsi öz istəkləri ilə Avropa ölkələrinə, bir hissəsi isə Türkiyəyə gedib.

Əli Həsənov deyib ki, hazırda Azərbaycanda məskunlaşan 4 minə qədər qaçqının yarısını çeçenlər təşkil edir. Onun sözlərinə görə, son illərdə müxtəlif bəhanələrlə qaçqın kimi Azərbaycana gəlmək istəyənlər çoxalıb. Onların arasında Əfqanıstan, Pakistan, Fələstin və İrandan gələnlər üstünlük təşkil edir.