Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın açılışı oldu

Fevralın 23-də Bakının Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına məlumat verdi ki, inşasına 2007-ci ildə başlanmış yaşayış binasının ümumi sahəsi 11 min 740 kvadratmetrdir. Binada 81 mənzil vardır ki, onlardan da 72-si 2 otaqlı, 9-u 3 otaqlıdır. Burada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılmışdır. Binanın fərdi qazanxanası, nasosxanası, transformator məntəqəsi, su anbarı vardır.

Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim etdi.

Dövlətimizin başçısı İkinci Dünya və Qarabağ müharibələrinin əlillərinə minik avtomobillərinin açarlarını verdi.

Bildirildi ki, mərasimdə 100 nəfər müharibə əlili pulsuz avtomobillə təmin ediləcəkdir.

Şəhid ailəsinin üzvü Nuridə SƏFƏROVA Prezident İlham Əliyevə müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək dedi:

-O qədər sevinirəm, o qədər şadam ki. Bir mən yox, nə qədər şəhid ailələri, Qarabağ müharibəsi əlilləri Sizdən razıdır. Cənab Prezident, bu qədər savab iş yerə-göyə sığmaz. O qədər sevinirik ki. Bu ulu öndərimizdən qalan xeyirxah ənənənin növbəti dəfə təsdiqidir. 1999-2000-ci illərdən Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini sevindirirsiniz.

Mənim həyat yoldaşım Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlum da əsgərlikdədir. Mən bir əsgər anası kimi Sizə söz verirəm, əmin edirəm ki, hansı əmri versəniz, övladlarımla birlikdə hər vaxt əmrinizə hazırıq.

Prezident İlham ƏLİYEV:

-Gözəl, yaraşıqlı evdir. Burada yaxşı yaşayacaqsınız.

Nuridə SƏFƏROVA:

-Allah Sizi millətimizə çox görməsin, cənab Prezident. Allah razı olsun.

Prezident İlham ƏLİYEV:

– Əziz dostlar, mən sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu gözəl evin, gözəl mənzillərin istifadəyə verilməsini sizinlə bərabər qeyd edirik. Siz buna layiqsiniz. Mən çox şadam ki, Azərbaycanda bu proses, yəni ən ağır şəraitdə yaşayan insanların məişət problemlərinin həlli sahəsində görülən bütün işlər uğurla davam edir. Son on il ərzində bizim soydaşlarımız, təxminən 3500 mənzillə təmin edilmişlər. Bununla bərabər, avtomobillər də verilir. Bu gün də bu gözəl mərasimdə maşınlar təqdim ediləcəkdir. İndiyədək 2600 minik maşını təqdim edilmişdir və bu proseslər bu gün də davam edir. Təkcə keçən il 700-dən çox yeni mənzil verilmişdir. Bu gün istifadəyə verilmiş bu gözəl bina deyə bilərəm ki, ən yüksək standartlara cavab verir. Gözəl mənzillərdi, gözəl inşa olunub, gözəl şərait vardır. Əminəm ki, siz bu gözəl evdə yaxşı, rahat yaşayacaqsınız. Çünki siz buna layiqsiniz. Siz Vətən uğrunda vuruşmusunuz, sağlamlığınızı itirmisiniz, yaxınlarınızı itirmisiniz. Azərbaycan dövləti hər şey etməlidir ki, sizin bütün məişət problemləriniz həllini tapsın.

Ümumiyyətlə, Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bütün sosial məsələlər öz həllini tapmaqdadır. Ancaq ilk növbədə, məcburi köçkünlərin, qaçqınların, şəhid ailələrinin, müharibə veteranlarının, müharibə əlillərinin sosial məsələləri öz həllini tapmalıdır. Bu istiqamətdə əməli işlər aparılır. Demək olar ki, Azərbaycanda bütün bölgələrdə bütün çadır şəhərcikləri ləğv edilibdir, qaçqınlar və məcburi köçkünlər yaxşı şəraitlə təmin edilibdir. Müharibə veteranlarının, şəhid ailələrinin problemləri həll olunur. Növbədə dayanan bütün vətəndaşlar tədricən, yaxın zamanlarda belə gözəl evlərlə təmin ediləcəklər. Evlərin keyfiyyəti də gündən-günə yaxşılaşır. Çünki indi bizim həm texniki, həm də maliyyə imkanlarımız kifayət qədər genişlənir.

Azərbaycan uğurlu inkişaf yolundadır. Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadi potensialını böyük dərəcədə gücləndirə bilmişdir. Müstəqillik dövründə Azərbaycan böyük və uğurlu yol keçmişdir. 2009-cu il bütün cəhətlərdən çox böyük sınaq ili idi, həm bizim üçün, həm bütün başqa ölkələr üçün. Dünyada hökm sürən maliyyə böhranı hər bir ölkəyə təsir etmişdir. Ancaq Azərbaycan bütün çətinliklərə baxmayaraq, bu sınaqlardan şərəflə çıxdı, 2009-cu ili uğurla başa vurdu. 2009-cu ildə lazım olan bütün tədbirlər öz həllini tapmışdır, iqtisadiyyatımız təxminən 10 faiz artmışdır və bu inkişaf bu il də davam edir. Ona görə mən tam əminəm ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin problemləri növbəti illərdə də həll olunacaqdır. Bu istiqamətdə konkret proqramlar, planlar vardır və biz öz işlərimizi cədvəl üzrə qururuq. O ki qaldı ümumiyyətlə, Azərbaycanın gələcək inkişafına, əminəm ki, biz 2010-cu ildə də qarşıda qoyduğumuz bütün məsələlərə çatacağıq, ölkəmizi daha da gücləndirəcəyik. Elə edəcəyik ki, Azərbaycanın inkişafı dayanıqlı olsun, hərtərəfli olsun. Hər bir vətəndaş bu gözəl şəraitdən istifadə edə bilsin.

Biz müharibə şəraitində yaşayırıq. Ancaq bu da həqiqətdir ki, torpaqlarımızı 1990-cı illərin əvvəllərində işğal edən Ermənistan bu gün çox ağır vəziyyətdədir. Azərbaycanın iqtisadiyyatı, təxminən 10 faiz artdı, Ermənistanda isə iqtisadi tənəzzül müşahidə olunur. Ermənistandan fərqli olaraq biz öz hesabımıza yaşayırıq, xaricdən alınan borclar, kreditlər hesabına yaşamırıq. Onlardan fərqli olaraq biz, sözün əsl mənasında, müstəqil siyasət aparırıq, heç bir başqa ölkədən asılı deyilik. Biz həm ordu quruculuğunda, həm iqtisadi inkişaf məsələlərinin həllində, həm də Azərbaycanın dünya miqyasında tanınmasında böyük uğurlar əldə etmişik. Ölkəmiz uğurla inkişaf edir, sürətlə inkişaf edir. 2009-cu ildə dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycan olmuşdur. Bütün bu işlərin təməlində düşünülmüş siyasət, ölkəmizin hərtərəfli inkişaf proqramının uğurla icrası və Azərbaycan vətəndaşlarının bütün bu təşəbbüslərə həvəslə və maraqla qoşulması məsələləri dayanır.

Ümid edirəm ki, bu gün nəzərdə tutduğumuz bütün planlar 2010-cu ildə yerinə yetiriləcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə öz siyasi və diplomatik səylərini gücləndirir. Bu gün bütün dünya birliyi və xüsusilə bu münaqişə ilə məşğul olan vasitəçilər məsələnin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını təklif edirlər. Əminəm ki, bu yanaşma məsələnin tezliklə həll olunmasında bizə kömək göstərəcəkdir. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Ermənistan Azərbaycan torpaqlarını qanunsuz işğal edib və etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə vətəndaşımız indi öz torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hamı yaxşı bilir ki, ermənilər o bölgələrə XIX əsrdə köçürülmüşlər. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarixi həqiqət və beynəlxalq hüquq normaları sübut edir. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaqdır. Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaqdır. Bunu bütün dünya bilir. Ermənistan bu həqiqəti nə qədər tez dərk etsə, məsələ öz həllini o qədər də tez tapar. Məsələ öz həllini tapandan sonra bölgədə sülh tam şəkildə bərqərar oluna bilər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin ən böyük problemidir. Bu problem həll olunmadan heç bir başqa problem öz həllini tapa bilməz.

Mən əminəm ki, biz bütün səylərimizi gücləndirməklə, ordu quruculuğu, siyasi fəaliyyətin möhkəmləndirilməsi istiqamətində atılacaq növbəti addımlar hesabına, iqtisadi inkişafın hesabına və cəmiyyətdə bütün vətəndaşların bu milli ideya uğrunda birləşməsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi öz həllini tapacaq və ərazi bütövlüyümüz bərpa olunacaqdır.

Sizi isə mən bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, siz bu gözəl evdə yaxşı yaşayasınız, rahat yaşayasınız və sizin bütün arzularınız həyatda öz əksini tapsın.

X X X

Sonra mərasim iştirakçıları dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

Daha sonra Prezident İlham Əliyev yeni binada yaradılmış şəraitlə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.